Asturiya Əyalət Məhkəməsi "Ovyedo"ya qarşı keçirilən oyun zamanı "Real"ın hücumçusu Kilian Mbappeyə yönəlmiş irqçi təhqirlərlə bağlı iş üzrə hökm çıxarıb. Sport24.az xəbər verir ki, bu barədə "Kral klubu"nun rəsmi saytı məlumat yayıb.
Hadisə 2025-ci ilin avqustun 24-də, "Karlos Tartiere" stadionunda, iki komanda arasındakı qarşılaşma zamanı baş verib. Təqsirləndirilən şəxs nifrət zəminində cinayət törətməkdə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona qarşı digər cəzalar, o cümlədən müəyyən hüquqlardan məhrumetmə və pul cəriməsi tətbiq olunub.
Həbs cəzası şərti hesab edilib. Şərtə əsasən, məhkum olunmuş şəxs iki il müddətində rəsmi idman tədbirlərinin keçirildiyi heç bir stadiona daxil ola bilməz.
"Real" məhkəmə prosesində iddiaçı qismində çıxış edib və oxşar hadisələrlə bağlı hüquqi proseslərdə iştirakını davam etdirir. Klub qeyd edib ki, bu qərar, oyunçularına qarşı yönəlmiş irqçi təhqirlərlə bağlı işlər silsiləsində ən sonuncusudur. Daha əvvəl "Mestalya", "Son Moix", "Vallekas" və "Xose Sorrilya" stadionlarında baş vermiş hadisələrlə əlaqədar də məhkəmə qərarları çıxarılmışdı.