"Ayxan Abbasova vaxt vermək lazımdır. Görünür ki, o, oyun fəlsəfəsini indi-indi komandaya tam aşılamağa başlayıb". Bu sözləri Sport24.az-a açıqlamasında Zaur Ramazanov bildirib.

Veteran futbolçu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasova güvənməyin vacib olduğunu bildirib:

"Ayxanın sehrli çubuğu yoxdur ki, qısa müddətdə hər şeyi dəyişsin. İnanıram ki, millimizin nəticələrini yaxşılaşdıracaq. Əsas problemimiz qol vurmaqdır. Bu, böyük komandalarda da baş verir. Bəzən "qara zolaq"a düşürsən və qol epizodlarından istifadə edə bilmirsən. Legioner limitinin ləğvindən sonra millimizin futbolçularının klublarında oynamaq şansları azalıb. Aşağı yaş qruplarından gələn futbolçuların bir qismi əsgərliyə gedir, digərləri isə təhsilə üstünlük verir. Gələcəyimizin necə olacağını demək çətindir".

Ramazanov millinin son nəticələri ilə bağlı fikirlərini bölüşüb:

"Dediyim kimi, əsas məsələ Ayxan Abbasova vaxt verməkdir. Xarici mütəxəssislər gəlib 3-5 il işlədilər, sonra getdilər, amma nəticələr dəyişmədi. İndiki nəticələrimiz pis deyil. Bu il məğlub olmamışıq. Yalnız Bakıda Lixtenşteynlə keçirdiyimiz oyunun nəticəsi bizi məyus etdi".

Qeyd edək ki, ötən gün millimiz Andorada Enkamp şəhərində oynanılan görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində qolları Eşqin Əhmədov, Musa Qurbanlı və Toral Bayramov (penalti) vurublar. Rəqibin heyətində isə İzan Fernandes fərqlənib.