"Qəbələ"nin müdafiəçisi Murad Musayev Sport24.az saytına müsahibə verib.
- Son oyunda "İmişli"ni məğlub etdiz. Oyunla bağlı fikirləriniz necədir?
- "İmişli" ilə matç çox vacib idi. Qış fasiləsindən sonra ilk oyunumuzda da qalib gəlmişdik. Çox çətin olsa da, şükür ki, bunu bacardıq.
- Komanda qış fasiləsindən sonra ardıcıl 2 oyunda qalib gəlir. Sizcə, bu uğurlu çıxışın səbəbi nədədir?
- Qış fasiləsinə yollananda komanda olaraq fikirləşməyə vaxtımız oldu. Durumumuz ürəkaçan deyildi. Yaxşı təlim-məşq toplanışı keçə bildik. Yeni transferlərin də xeyri çox oldu. Bunun nəticəsində ardıcıl iki oyunda qalib gəldik.
- Baş məşqçiniz bu oyunlarda cəzalı olub. Görünən odur ki, bu sizə elədə çox təsir etməyib...
- Baş məşqçimizin cəzalı olması bizim üçün üzücü məqamdır. Hər zaman istərdik Kaxaber Tsxadadze yanımızda olsun. Meydanda onun dəstəyini hiss edirik.
- Mövsümə yaxşı başlasaydınız, turnir cədvəlində daha fərqli bir yerdə ola bilərdizmi?
- Birinci dövrədə itirə bilməyəcəyimiz xalları itirdik. Qalib gəlməli olduğumuz oyunlarda məğlub olduq. Bu da turnir cədvəlindəki mövqeyimizə təsir etdi. Hər bir halda daha yaxşı ola bilərik.
- Komandanın cari mövsüm üçün maksimum hədəfi nədir?
- Bizim üçün hər matç önəmlidir. Edə biləcəyimizin ən yaxşısını etməliyik ki, mövsümün sonunda turnir cədvəlində orta pillədə qərarlaşaq. Bunun üçün gücümüz var.