Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda "Neftçi"yə uduzan (1:2) "Qarabağ" heyətdə ciddi problemlərlə üzləşib. Sport24.az-ın məlumatına görə, Ağdam təmsilçisi bir neçə aparıcı futbolçusunu itirib.

Qarşılaşmanın əlavə edilmiş dəqiqələrində sarı vərəqə görən Kadi Borges və Kamilo Duran cəzalı duruma düşüblər. Hər ikisi cari mövsümdə dördüncü dəfə bu halla üzləşdikləri üçün 30-cu turda "Turan Tovuz"la oyunu buraxacaqlar.

Bundan əlavə, "Neftçi" ilə oyunda zədələnən Coni Montiel mövsümü başa vurub. Daha əvvəl Abbas Hüseynovla Elvin Cəfərquliyev daxili intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndəriliblər. Komandanın digər aparıcı müdafiəçisi Bəhlul Mustafazadə hələ də zədəsini tam sağaltmayıb.

Qeyd edək ki, "Qarabağ" - "Turan Tovuz" oyunu mayın 4-də keçiriləcək. Ağdam klubu 59 xalla ikinci, Tovuz təmsilçisi 56 xalla üçüncü pillədə qərarlaşıb.