"Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan yenə danışıb. Sport24.az xəbər verir ki, bu dəfə "Sport-Ekpress"ə açıqlama verən rusiyalı çərşənbə axşamı final fitindən sonra həmkarı Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdiyini vurğulayıb: "Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Təslim olmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Daha güclü olmaq üçün düzgün dərslər almalıyıq. Gələn həftəsonu komandanı Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Şemrok Rovers”la qarşılaşacağıq. Təbii ki, qrup mərhələsinə düşmək istəyi var. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Növbəti oyunlarda onları sevindirmək istəyirik".

Çerçesov mövsümün yeni başladığını, qarşıda hələ çox oyun olduğunu diqqətə çatdırıb: "Buna görə də heç birimizin ağlına dincəlmək gəlmir. Uğur, əlbəttə, daha xoşdur, amma itirməyi də bacarmaq lazımdır. Bizim vəzifə səhvlərimizi sakit şəkildə təhlil etmək, düzgün nəticə çıxarmaq və irəli getməkdir”.