Avrokuboklardakı bütün təmsilçilərimiz nəhayət, mübarizəyə başladılar. "Neftçi" Çempionlar Liqasında daha tez çıxışa başladığından, artıq II mərhələnin iştirakçıdırsa, "Sumqayıt", "Keşlə" və "Qarabağ" Konfrans Liqasında "siftə etdilər". Bu həftənin əsas diqqətçəkən məqamı heç şübhəsiz ki, qələbə qazana, ən əsası, qol vura bilməməyimiz oldu. Yəni, 360 dəqiqəyə 1 dəfə də olsun rəqib qapısına yol tapa bilmədik.

Əlbəttə, bu, acınacaqlı faktdı. "Keşlə"ni çıxmaq şərtilə digər 3 təmsilçimizin mərhələ şansı qalırsa belə, dediyimiz göstərici böyük uğursuzluq olaraq qalır. Əslində, UEFA-ya göndərilən iştirak ərizələrinə baxdıqda, belə gedişat gözlənilirdi. Söhbət hücumçu kimi sifariş olunanlardan gedir ki, onların hamısı yerli idi.

Başlayaq "Qarabağ"dan. Ağdan klubu əcnəbi hücumçu transferindən son anda zədə üzündən imtina etməli olduqdan sonra hələ ki heyətinə qaytardığı Ramil Şeydayevlə Musa Qurbanlının ümidinə qalıb. Onlar "Aşdod"la matçda bir-birlərini əvəzləməklə meydanda oldular, ancaq heç nəylə yadda qalmadılar. Musada təcrübə azdı, Ramil isə əvvəlki formasında deyil.

"Sumqayıt" Əli Qurbanini saxlaya bildi. Ancaq millimizin də üzvü olan bombardiri toplanışın ilk mərhələsini buraxdı, ikinciyə qatılanda isə daha çox zədəsini sağaltmaqla məşğul oldu. Yəni, Əlidə oyun praktikası sarıdan korluq var. Yeni transfer olan Xəzər Mahmudov isə gənc hücumçudu və ondan bu dəqiqə beynəlxalq arenada xüsusi nəsə gözləməyə dəyməz.

"Keşlə"də də qayıdış oldu - Amil Yunanovu nəzərdə tuturam. Ancaq bu hücumçu "Soçi"ylə görüşdə nə rəqib müdafiəsini gərginlikdə saxlaya bildi, nə də əlinə düşən şansı qola çevirə. Komandanın əsas hücumçusu Anatole Abanq isə indi təzə bəydi. Ancaq toyu olmasaydı belə, cəza üzündən "Keşlə"yə kömək edə bilməyəcəkdi. Bir də ki Abanq Premyer Liqamızda nə etdi ki - hələ də qol hesabını aça bilməyib.

Qaldı "Neftçi" ki, hələ qollarımızı vuran bu təmsilçimizdi. Çempionumuz bunu Tiflis "Dinamo"suyla matçlarda bunu Emin Mahmudov-Namiq Ələsgərov duetiylə reallaşdırdı. Ancaq Namiq yenə bəxtsizliklə üzləşərək zədələndi və ən azı 1 aylıq sıradan çıxdı. Əməliyyat olunacaq Ələsgərovun ən yaxşı formada olduğu bir vaxtda burnundan aldığı bu xəsarət heç yerinə düşmədi. O, hələ 20 yaşında millidə ağır zədə üzündən xeyli zaman itirdi və özünə gəlməsi gec oldu. "Neftçi"də olduğu zamanı isə "Uypeşt"lə Avroliqa matçında aldığı zədənin onu geri salması yadımızdadı. Əslində, "Neftçi"nin digər forvardı var, özü də Namiqdən fərqli mərkəz hücumçusudu. Ancaq həmin Mirabdulla Abbasovun indi Ələsgərovu layiqincə əvəzləyəcəyi real görünmür.

Bəli, futbolda qol vurmaq təkcə hücumçuların işi deyil. Təmsilçilərimizdə orta sahədə yetərincə səviyyəli legioner var. Ancaq göründüyü kimi, onlar hələ ki susurlar. Ümid edək ki, buna növbəti həftə cavab görüşlərində son qoyaraq komandalarına mərhələ adlamaqda kömək edəcəklər. Yəni, qolları daxili yarışlarda vurmaqla işi bitmiş saymaq olmaz. Əsas Avropadı...

 

 

MEHMAN SÜLEYMANOV