Misli Premyer Liqasında doğma meydanda "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə çətin qələbəni şərh etdi:
– Çox ağır matç olacağını ehtimal edirdik və gözlədiyimiz kimi də oldu. Bu gün gözəl oyundan daha çox qələbə qazanmaq vacib idi. Pis oynamadıq, lakin üzərində işləməli olduğumuz məqamlar hələ də çoxdur.
Berdiyev ardınca jurnalistlərin suallarını cavablandırdı:
– Qələbəyə baxmayaraq, azarkeşlər oyun tərzindən narazıdırlar. İlk turlardakı rəqibləri nəzərə alsaq, nəticə sizi qane edirmi?
– Çempionat uzundur, nəsə danışmaq üçün hələ tezdir. Mövsümün axırında hər şeyə baxarıq.
– Qol epizodu ilə bağlı fikriniz necədir?
– Əvvəlki oyundakı epizodda qol olduğunu hiss etmişdim, ancaq bu dəfə vurulduğunu görmədim, sadəcə videoda gördüm. Hər halda, mən bu işlərə qarışmamağa çalışıram.