Misli Premyer Liqasının oyununda səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olan "Sumqayıt"ın baş məşqçisi Felipe Kandido matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə məğlubiyyət haqqında fikirlərini bölüşdü:

 

– Nəticə oyuna görə olmadı. Bu matçdan xal və ya xallar qazana bilərdik. Komandamın oyunundan razıyam. Gəldiyim ilk günlə müqayisədə hər qarşılaşmada irəliləyirik və inanıram ki, növbəti oyunlarda daha yaxşı olacağıq. Çox yaxşı imkanlar əldə etdik, lakin təəssüf ki, onları reallaşdıra bilmədik. Çatışmayan əsas cəhətimiz budur. "Turan Tovuz" kimi güclü rəqiblərə qarşı belə şanslardan yararlanmaq lazımdır, əks halda nəticə belə olur.

 

– İkinci qoldan sonra hakimlərlə gərginlik yaşandı. Bununla bağlı nə deyə bilərsiniz?

 

– Hakimlər haqqında heç vaxt danışmamışam, qərarı verən onlardır. Bəzən razılaşmasaq da, hörmətlə yanaşırıq. Mən daha çox komandamı necə inkişaf etdirə biləcəyimə fokuslanıram. Orada baş verənlər sadəcə anlıq gərginlik idi.

 

– İlk üç turda çempionluğa namizəd komandalarla qarşılaşdınız. Bunun nəticələrə təsiri oldu? İndi isə bərabərsəviyyəli rəqiblərlə oynayacaqsınız.

 

– Çətin startımızın olacağını əvvəlcədən bilirdik. Çətin rəqiblərə qarşı oyundan-oyuna inkişaf etdiyimiz üçün şadıq. Növbəti rəqibimiz "Şamaxı" zəif komanda deyil, ötən mövsümü bizə yaxın mövqedə bitiriblər. Təkcə onlara yox, bütün rəqiblərə qarşı daha yaxşı oynamağa çalışacağıq. Futbolçularıma da demişəm ki, əsas məsələ mövsümün sonrakı mərhələsində turnir cədvəlində harda olacağımızdır.