Azərbaycan Premyer Liqasında (APL) cari mövsümdə baş məşqçilər heç də hər zaman iş başında olmayıb. Elə son turda "Qəbələ" bu problemlə üzləşdi. Belə ki, Elmar Baxşıyev "Sumqayıt"la ev matçını tribunadan izləməli oldu. Bu üzdən komandanı meydana köməkçisi Xaqani Məmmədov çıxarmışdı. 

Məsələ ondadır ki, 41 yaşlı Baxşıyev AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılmışdı. Buna səbəb onun bundan əvvəlki turda "Neftçi"lə "Bakcell Arena"da "texniki zona" qaydalarını pozduğuna görə qırmızı vərəqə alması idi. Ancaq baş məşqçinin yoxluğu "Qəbələ"yə problem yaratmadı. Hər halda, komanda qış fasiləsindən sonra çempionatda uduzmayan "Sumqayıt"ı Qəbələdən xalsız yola saldı.

APL-də cari mövsümdə baş məşqçilərin kənarda qalması əsasən koronavirus probleminə görə olub. Maraqlıdı ki, onlar arasında olmayan Baxşıyev qırmızı vərəqə alan ilk baş məşqçi olub. Əvəzində Qurban Qurbanov ("Qarabağ"), Yunis Hüseynov ("Keşlə"), Ayxan Abbasov ("Sumqayıt"), Aftandil Hacıyev ("Səbail") və Samir Abasov ("Neftçi") COVİD-19-a yoluxub. Sadəcə, Abasovda komandanı oyuna çıxara bilməmək olmayıb. Çünki o, "korona" olanda Premyer Liqamızda 1 ayın yaxın pauza yarandı və bu müddətdə evdə müalicə olunaraq sağaldı. Yəni, Abasov iki həftəlik karantin müddətində məşqlərdən kənarda qaldı, sağalanda isə çempionatımız bərpa olunmuşdu. 

Qurbanov koronavirusa görə 2 matçda komandasının başında olmadı. Sadəcə, bunlardan biri Premyer Liqada (XI turda "Səbail"lə), digəri Avropa Liqasında idi. Qurbanovun əsas köməkçisi Elçin Rəhmanovun meydana çıxardığı "Qarabağ" bu matçların hər ikisində 1:1 hesablı bərabərliyə qaldı. Yeri gəlmişən, Ağdam təmsilçisi qrupda qazandığı yeganə 1 xal məhz Tel-Əviv Makkabi"siylə İstanbuldakı həmin görüşdü.

Abbasov 1 oyunda "Sumqayıt"ı meydana çıxara bilmədi. Onun əsas köməkçisi Elnur Çodarovun iş başında olduğu "Sumqayıt" XII turda "Sabah" evdə 1:2 hesabıyla yenildi. 

Koronavirsa görə ən çox əziyyət "Keşlə" və "Səbail" oldu. Belə ki, keçən il son 2 turda Hüseynovla Hacıyev komandalarından kənarda qaldılar. Hacıyev evdə müalicə alırdısa, Hüseynov xəstəxanaya yerləşdirilmişdi. Maraqlıdı ki, bu matçlardan biri həmin komandaların görüşü idi. XII turda "ASK Arena"da baş tutan bu qarşılaşmada Emin Ağayevli "Səbail" Zaur İsmayılovlu "Keşlə"ni üstələdi - 2:0. Hüseynovsuz "Keşlə" bundan sonra "Neftçi"yə də uduzdu - "Bakcell Arena"da 1:2. "Dənizçilər" isə Hacıyevsiz bu dəfə xalsız qaldılar - "Qəbələ"dən evdə 1:3. Məlumdu ki, Hüseynov qış fasiləsindən sonra istefa verərək postundan ayrıldı və onu Sınan Qurbanov əvəzlədi. 

Göründüyü kimi, APL-də 2 baş məşqçi var ki, "korona" bəlasından yan keçə bilib. Bunlar Rəşad Sadıqovla ("Zirə") ispaniyalı həmkarı Visente Qomezdi ("Sabah"). Sadıqovun passivində 2 sarı vərəqə varsa, Qomez bununla da üzləşməyib. 

Onu da bildirək ki, 56 yaşlı Hüseynovun gedişindən sonra Qomes hazırda APL-in ən yaşlı baş məşqçisidi - 50 yaşlı. 39 yaşlı Sadıqov isə hazırda ən gənc klub çalışdırıcısıdı. 

 

 

MEHMAN SÜLEYMANOV