2025/2026 mövsümünü icarə əsasında "Neftçi"də keçirən Freddi Varqasın daha bir müştərisi ortaya çıxıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı vinger karyerasını Polşa Ekstraklasasında davam etdirə bilər.

Belə ki, ölkənin ən titullu klublarından olan "Legiya" (Varşava) venesuelalı futbolçunun xidmətində maraqlıdır. Varşava təmsilçisi transfer imkanlarını araşdırır və oyunçunun vəziyyətini yaxından izləyir.

Varqasın müqavilə ilə məxsus olduğu İsrailin "Makkabi" (Netaniya) klubu isə futbolçunun transferindən 800-900 min avro gəlir əldə etmək niyyətindədir. Məhz bu məbləğ transfer danışıqlarında əsas maneələrdən biri hesab olunur. "Neftçi" də hazırda onun birdəfəlik keçidi üçün "Makkabi" ilə danışıqları davam etdirir.

Qeyd edək ki, Freddi Varqas ötən mövsüm "Neftçi"nin heyətində 32 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.