İyulda bütün diqqətimiz avrokuboklara yönəlsə də, artıq sabah növbəti ay qədəmlərini basır və ən əsası, Premyer Liqamızda yeni mövsüm də start götürmək üzrədi. Belə ki, artıq avqustun 5-də açılış matçıyla 2022/23 mövsümünə start veriləcək və 3 günü əhatə edəcək ilk tura 7-də yekun vurulacaq. Məlumdu ki, Avropada 2 təmsilçimiz qalıb. Çempionlar Liqasında çıxışını davam etdirən "Qarabağ" evdə "Səbail"lə matçla başlayacaq və bu görüşü təxirə salmağı planlaşdırmır.
"Neftçi"ylə bağlı vəziyyət isə fərqlidi. Əvvəla, Konfrans Liqasında tək qalan təmsilçimiz I tur səfərə gedir və "Şamaxı"nın qonağı olacaq. "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Sport24.az-a verdiyi məlumata görə, qarşı tərəfə matçı təxirə salmağı yox, oyunların yerini dəyişməyi təklif ediblər. Yəni, ilk turda "Neftçi" meydan sahibi olsun, ikinci dövrədəki görüşdə artıq Şamaxıya səfər eləsin. Amma rəqib bununla razılaşmır və məsələyə sabah - yeni həftənin ilk iş günündə aydınlıq gələcək.
Burda söhbət heç də səfərdən getmir. Belə götürəndə, Şamaxı paytaxta məsafə baxımından ən yaxın rayonlardan biridi - 1-1,5 saatlıq yoldu. Əsas məsələ ondadı ki, "Şamaxı"nın meydançası - yeni stadionunun ot örtüyü sünidi. Bu da futbolçuların zədə almaq ehtimalını artırır. Həmin problemlə bağlı təhlükə isə "Neftçi"yə "Rapid"lə Avstriyadakı cabab görüşü öncəsi heç lazım deyil.
"Şamaxı"nin razı olmamağı açılış matçına görə tədbirin keçirmək planlarıyla bağlıdı. Bəli, bu da başadüşüləndi və şamaxılılar ilk dəfə mövsümə açılışı evdə edəcək. Amma avrokuboklarda çıxışda söhbət tək bir klubu yox, bütün Azərbaycanı təmsil etməkdən gedir və bu məqamda ölkəmizin uğurlu nəticəsi naminə hamımız dəstək olmalıyıq. Bu üzdən "Neftçi"yə Avropada dəstək olmaqdan ötrü lazımı addım atılması daha yaxşı olardı.
Prinspcə, "Neftçi"nin "mütləq təxirəsalınma olsun" deyə bir təkidi yoxdu. İki klubun qarşılıqlı razılığı olarsa, çempionatı keçirən qurum olan Peşəkar Futbol Liqası matçların yerlərini dəyişdirəcək. İstənilən halda, bu qurum qərarıyla məsələdə son noqtəni qoyacaq. Orda artıq yeni prezident var və həmin şəxs olan Elxan Səmədovun bununla bağlı imzalayacağı əmri gözləyək.
P.S. Bir maraqlı məqamı da unutmayaq ki, "Şamaxı" bu adla ilk matçını məhz evdə keçirərək məhz "Neftçi"ni qəbul etmişdi. Bu ilin aprelin 9-da son çempionatın son dövrəsindəki həmin görüşdə meydan sahibləri icarədə olan, artıq "Neftçi"yə qayıdan yarımmüdafiəçi Rəhman Hacıyevin gözəl qoluyla fasiləyə hesabda 1:0 irəlidə yollanmışdı. Amma ikinci hissədə iki qol vuran qonaqlar əzmkar qələbəyə sevinmişdi. Həmin braziliyalı hücumçular - Tyaqo Bezerra ilə Ramon Maçado isə artıq "ağ-qara"lı deyillər.