Hələ millimizin düşərgəsində olarkən Türkiyə Super Liqası təmsilçisi "Adana Dəmirspor"a keçidini rəsmiləşdirən qapıçı Şahruddin Məhəmmədəliyev artıq bir həftədi yeni klubunun heyətindədi. Bu müddətdə Adana təmsilçisi liqada növbəti turun matçına da çıxıb. Düzdür", 29 yaşlı "Şah" hələ ki debüt etməyib və hazırlığını davam edərək bu anı gözləyir. Məhəmmədəliyevlə əlaqə saxlayaraq yeni klub, yeni ölkə, yeni çempionat haqda təəssüratlarını öyrəndik. 

- İyi günlər abi - artıq sənə belə müraciət etmək lazımdı Şahruddin?

- Yox-yox. Azərbaycanı heç nəyə dəyişmirəm - salamaleykum!

- Artıq bir həftədi Türkiyədə, Adanadasan. Aydın məsələdi ki, qardaş ölkələrik. Amma hər halda, sənin üçün yeni ölkə, yeni klub, yeni kollektivdi. Adaptasiyan necə gedir?

- Hər şey normaldı. Yavaş-yavaş uyğunlaşıram, öyrəşirəm məşqlərə, yeni komanda yoldaşlarıma. Allaha şükür ki, mən gələndən sonra ilk matçda qalib gəldik. 

- "Pendikspor"a 3:0 hesabıyla qalib gəldiyiniz həmin matçda ehtiyatda qaldın. Bunu yəqin gözləyərdin ki, debütün üçün hələ bir müddət gözləməli olacaqsan...

- Əlbəttə, bu, gözlənilən idi. Normaldı ki ehtiyatda qaldım. Komandaya yeni gəlmişəm, cəmi 3 gün məşq etmişdim. Buna görə hazırlaşmaq və öz şansını gözləmək lazımdı. Belə asan heç nə olmur.

- Komandanız Türkiyənin nəhənglərindən olmasa da, heyətində ulduz futbolçular yer alıb - Nani var, Mario Balotelli qayıdıb. Özünü bu "ansambl"da necə hiss edirsən?

- Normal. Açığını deyim ki, onlar da bizim kimi insanlardı. Həm Nani, həm də Balotelli çox sadədi. Ünsiyyətdə çox xoşdurlar. Digərlərindən heç bir şeylə fərqlənmirlər. Hətta deyərdim ki, onlar daha sadədirlər, nəinki biz (gülür). Xüsusilə Nani. Adam elə yüksək səviyyədə o qədər futbol oynayıb, amma elə sadə insandı. Belə adamların yanında olmaq çox xoşdu. Onlardan çox şey öyrənmək olar.

- Aydın məsələdi ki, türkiyəli futbolçular üçün Azərbaycan, futbolumuz, milli komandamız tanışdı. Bəs, həmin ulduzların bizimlə bağlı hansı təəssüratda olduqlarını müəyyənləşdirə bilmisən? Yəni, ayaqüstü də olsa bu haqda söhbətiniz düşüb?

- Yox. Hətta buna elə bir vaxtımız da olmayıb. Balotelli yeni gəlib, Naniylə də söz düşməyib Azərbaycan haqda. Hamı bilir ki, milli komandanın qapıçısıyam, "Qarabağ"dan gəlmişəm. "Qarabağ"ı da hamı tanıyır. 

- Baş məşqçiniz də keçmişin əfsanəvi futbolçularındandı - məşhur niderlandlı hücumçu Patrik Kluyvert. Bəs, o, necə bir məşqçi, necə bir insandı? Siz futbolçulardan əsas tələbi nədi?

- Düzü, nəsə demək tezdi. Kluyvertlə şəxsən elə bir söhbətim olmayıb. Tanış olduq və sonra nəsə oldusa, bu, iş prosesində idi, vəssalam!

- Türkiyədə dil məsələsini necə həll edirsən? Aydın məsələdi ki, komandada tərcüməçi var. Amma özün türklərlə azərbaycanca ünsiyyət qura, ümumiyyətlə, onların dediklərini başa düşə bilirsən? Yoxsa danışığınız yalnız ingilis dilində olur?

- Prinsipcə, burda dil baxımından problemim yoxdu. Həm ingiliscə danışıram, həm də azərbaycanca məni anlayırlar. Praktiki olaraq türk diliylə oxşardı, bir az dəyişikliklər var. Türkləri başa düşürəm, amma bilmirəm necə cavab verim. Çünki bilmirəm azərbaycanca məni başa düşəcəklər, ya yox (gülür). Ümumilikdə Türkiyədə dil sarıdan çətinliklə üzləşməmişəm.

- Bunadək Türkiyə Super Liqası matçını yalnız televizorda görmüşdün. İndisə canlı ehtiyat oyunçular skamyasından izlədin. Kənardan necə görünür bu səviyyəli liqa? Səncə, "Qarabağ" Super Liqada it-bat olmaz ki?

- Fərq atmosferdədi. Bu sarıdan böyük fərq var. "Qarabağ"da bu atmosferdə yalnız avrokubok matçlarına çıxırsan. Futbol bayramı bizdə yalnız Avropa səviyyəli qarşılaşmalarda olur. Burda isə futbolçular çempionat oyununa bayram olduğu kimi hazırlaşırlar. Sözün əsl mənasında belədi. Adi isinmə hərəkətlərində 10 min azarkeş stadionda toplaşırsa, başqa nədən danışmaq olar? "Qarabağ" əlbəttə ki, Super Liqada, ümumiyyətlə, heç yerdə it-bat olmaz. Çünki ciddi, çox ciddi səviyyədə komandadı. 

- Adana necə bir şəhərdi? Çıxıb gəzməyə imkan tapmısan? Ümumiyyətlə, sənə ev ayırıblar, yoxsa bazada qalırsan?

- Düzünü deyim ki, heç yerə çıxmamışam. Çünki məşqlərdən sonra yoruluram və gedirəm evə dincəlməyə, yatmağa. İlk 4 gündə oteldə məskunlaşmışdım. Artıq bazaya köçmüşəm, burda qalıram. Ev, mənzil axtarıram ki, ailəmi bura gətirim. İnşallah, onlar yanıma gələndən sonra mənə asan olacaq.

 

 

MEHMAN SÜLEYMANOV