"Maraqlı oyun alındı. "Neftçi" ilə oyunlarımız derbidir. Həmişə gərgin matç keçir". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Hücumçu 29-cu turda "Neftçi"ni 5:1 hesabı ilə məğlub etdikləri oyun haqqında fikirlərini bölüşüb:
"Stadiondakı azarkeşlər möhtəşəm idi. Atmosfer gözəl idi. Fanatlarımıza bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bol qollu, maraqlı oyun idi. Həm bizim üçün, həm də tamaşaçılar üçün maraqlı qarşılaşma alındı".
Qurbanlı görüşdə dubl etməsinə də toxunub:
"Şükürlər olsun ki, belə alındı. Derbidə qol vurmaq ayrı sevinc verir. Ona görə matça çox motivasiyalı hazırlaşmışdım. Qollar vurmağım, məhsuldar ötürmə verməyim, komandama faydalı olmağım məni sevindirir. Amma dayanmalı deyilik. Dörd gündən sonra "Neftçi"yə qarşı daha bir oyunumuz var. Boşalmaq olmaz, ciddi hazırlaşmalıyıq".
Forvard öz işlərini görməyə çalışdıqlarını vurğulayıb:
"Başqa komandaların uğuru və ya uğursuzluğu haqqında düşünmürük. Öz işimizi görürük. Hər qarşılaşmada maksimum nəticədə qazanmaq istəyirik".
O, "Neftçi" azarkeşlərinin son dəqiqələrdəki davranışına da münasibət bildirib:
"Emil Balayevə dedim. Komandanın kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm "Neftçi"yə, həm də azarkeşlərinə klub olaraq hörmətlə yanaşmışıq. Hörmətlə də yanaşırıq. Çünki "Neftçi" böyük və tarixi klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Hörmətlə yanaşırıq. Əslində, hörmətin qarşılığı hörmət olmalıdır".