Misli Premyer Liqasının XXIX turunun "Neftçi" – "Qarabağ" oyunundan (1:5) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq.
– Start heyəti müəyyənləşdirəndə əsas məqam nə oldu?
– Futbolçuların hazırlığına görə belə addım atdıq. Bəzi rotasiyalar lazım idi. Çünki bir sıra oyunçular sıx qrafikdə çıxış edirdilər və yorğunluq yaranmışdı. Üç gündən sonra yenidən matçımız var və ona görə ehtiyat etdik.
– Son günlərin gərginliyi fonunda komandanı bugünkü oyuna hazırlaşdırmaq əlavə güc tələb etdi?
– Hazırlaşmağa çox vaxtımız olmadı. Komanda şəklində cəmi bir məşq keçdik. "Neftçi"yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oynamaq xoşdur, azarkeşlər üçün də baxımlı alınır. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq. Çünki bu qələbə bəlkə də, futbolçulara rahatlıq verə bilər.