"Sabah" iyunun 27-də bir araya gələrək yeni mövsümə hazırlığa başlayıb. Rusiyalı Murad Musayevin baş məşqçi postuna gəlişindən sonra autsayderlər sırasından çıxaraq avrokuboklara namizəd etdiyi, tarixində ilk dəfə düşmək avrokuboklara şansını son anda əldən buraxan Masazır təmsilçisindən növbəti mövsümdən gözləntilər çoxdu. Bütün bunlarla bağlı söhbətləşmək üçün komandanın ev oyunlarını keçirdiyi "Bank Respublika Arena"ya yollanaraq 39 yaşlı mütəxəssislə görüşdük.  

 

(https://sport24.az/bizim-futbol/murad-musayev-azerbaycana-pul-qazanmaga-gelmediyini-achiqladi-butun-jurnalistler-menden-o-sozu-qoparmaq-isteyir-ki)

 

"Biz də transferlə bağlı İsrail çempionatına baxmışıq"

- Yay fasiləsində Azərbaycan Premer Liqası üçün İsrail transfer bazarı populyardı. Avrokuboklardakı təmsilçilərimiz artıq ordan legionerlər gətiriblər. Maraqlıdı, təsadüfən "Sabah"üçün həmin bazar maraqlı olub?

- Bəli, İsrail çempionatından bir neçə futbolçuya baxmışıq. Ama indi onların heç biri maraq predmetində deyil.

- Transfer bazarı üçün necə bir çempionatdı?

- Yaxşı çempionatdı, həmişə güclü komandaları olub. İsrail klublarıyla oynamaq daim çətindi. Gördük ki, "Makkabi" 1 il əvvəl güclü "Rostov"u keçdi. Buna görə yaxşı səviyyədi çempionatları. Yaxşı komandalara, yaxşı futbolçulara malikdi. 

 

"Vaqner Lavla bağlı o vaxt son nöqtəni qoyarıq ki..."

- Bu sualı sizə çox veriblər, rusiyalı həmkarlarımız da soruşub. Vaqner Lav "Sabah"da olacaq, ya yox? Məsələ açıq qalıb?

- (gülür) Bəli, hamı yazır, ancaq heç nə deyilməyib. 

- Eləsə Murad Oleqoviç son nöqtəni qoysun bu braziliyalı hücumçuyla bağlı...

- O vaxt son nöqtəni qoyarıq ki, futbolçu bura gəlsin, müqaviləni imzalasın (gülür).

- Yaxşı, sualı belə qoyaq - ciddi maraq var bu 38 yaşlı legionerə? Danışıqlar gedir?

- Başa düşürsünüz, belə edilmir, transfer olmayanda, sən bu haqda danışırsan. Deyə bilərsən ki, futbolçu mənə maraqlıdı. Sabahsa o deyə bilər ki, məvacibi 100 min dollar artıq istəyirəm. Yaxud ona təklif edən klub deyə bilər ki, ona görə çox məbləğ istəyirik, çünki sən burda lazımsan. Bu, o demək deyil ki, sizi sevmirəm, danışmağı sevmirəm. Sadəcə, belə qaydalar var. Heç bir klub belə eləmir. Nadir halda ola bilər ki, klub danışıqlar aparır və hamı bu haqda bilir. Transferlər sakitçiliyi sevir. Hansı transfer baş versə, sonra sizə danışacam ki, necə reallaşdı, bunun üçün nə elədik. 

 

"Toplanışımız üçün iki variant baxılırdı - Bolqarıstan və Sloveniya"

- Ok, keçən yay təlim-məşq toplanışını keçəcəyiniz ölkəyə. Klublarımız bu pauzada əsasən Türkiyənin Bolu şəhərinə yollanır. Siz isə Bolqarıstanı seçdiniz. Niyə bu ölkə? Sparrinq-rəqiblərə görə?

- İki variant baxılırdı - Bolqarıstan və Sloveniya. Klubda təşkilatılığa cavabdeh olan şəxs hər 2 ölkəyə yollandı. Gördü ki, Bolqarıstanda yaxşı şərait, yaxşı məşq meydançaları var, dağətəyidi. Bansk şəhərində hazırlıq keçəcəyik. Pripsincə, sparinq-rəqiblər normal səviyyədədi. Qiymət və keyfiyyət bizi qane elədi. Qərar verdik bu ölkəyə. Mənim üçün prinsipial deyildi, böyük fərq yox idi hara gedək. 

- Hazırkı dönəmdə hansı rəqiblərlə oynamağı daha məqsədəuyğun sayırsınız?

- Fikrimcə, rəqib nə qədər güclü olsa, bir o qədər yaxşıdı. Maraqlı olardı gücünü yoxlamaq. Bilmirəm hansı rəqiblər olacaq - Kipr, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Makedoniyanın yüksək liqa təmsilçiləri. Maraqlı olacaq oynamaq. 

- Tarixlər bəllidi?

- Üç matç keçirəcəyik - iyulun 20-si, 26-sı və 30-u. Rəqiblər yaxın günlərdə dəqiqləşəcək. 

 

"Kamaranın icarəsinin uzadılmasıyla bağlı ortaq məxrəcə gələ bilmədik"

- İspaniyalı legionerlərinizin taleyi də maraqlıdı. İlk olaraq icarəsi bitən Xuan Kamaraya toxunaq. Əsas heyət üzvü sayılan sabiq "Barselona"nı saxlamaq istəmədiniz?

- Doğrudu. Kamaranın icarə müqaviləsi bitdi. Hələ qışda, yazda icarə müqaviləsinin uzadılmasıyla bağlı danışıqlar olmuşdu. Amma ortaq məcrəcə gələ bilmədik. Belə olan halda, Xuan öz klubu - Polşa "Yagelloniya"sına döndü və kayyerasını orda davam etdirəcək. 

- Bəs, "Sabah"da qalan Kristian Sebalyos? Böyük ümidlərlə transfer olunan bu oyun qurucusu zədə üzündən keçən mövsümü demək olar buraxmalı oldu. İndi necədi vəziyyəti? "Sabah"a yeni mövsümdə tam gücüylə kömək edə biləcək?

- Bəli, Sebalyosu zədələr bezdirdi. Çox istəyir qayıtsın, bununla bağlı narahatlıq keçirir. Ümdi edirəm ki, bu mövsüm onun üçün başqa cür olacaq, onu meydanda çox görəcəyik. Çünki vacib futbolçudu, hansı ki oyunu kəskinləşdirə, standart olmayan qərarlar qəbul edə bilər. Ona da ümid edirik ki, həyatında bu qara period başa çatacaq və "Sabah"da ən yaxşı keyfiyyətlərini görəcəyik. 

 

"Ola bilər ki, bu legionerimiz əməliyyat olundu"

- Yeri gəlmişkən, hamı sıradadı, normal işləyir?

- Bəli.

- O mənada nəzərdə tururam ki, zədə, mikrozədə var?

- Əlbəttə, hər gün kimdəsə olur zədə. Belə olmur ki, təlim-məşq toplanışındasan, hamı səndə sıradadı. İndi Kristian da Silva zədə alıb. Hansı dərəcədə olduğunu aydınlaşdırırıq. Amma kiçik zədələr tez-tez olur. Kimsə buna görə 2-3 gün buraxır, sonra sıraya dönür. Bu. toplanış üçün adi iş prosesidi.

- Kristianın zədəsi əməliyyatlıq ola bilər?

- Ola bilər. Məşqdə oyun hərəkətində zədə aldı. İndi zədənin dərəcəsini və bundan sonra müalicəsinin gedişatını müəyyənləşdirirk. 

- Braziliyalı bu mərkəz yarımmüdafiəçiniz uun müddətə sıradan çıxsa, daha bir transfer ola bilər həmin mövqe üçün?

- Yox-yox. 

 

"Sabah-2"in götürdüyü 1 illik pauza və azarkeşlərə verilən söz

- "Sabah-2" I Divizionda yeni mövsümdə çıxış etməyəcək.  Bu, planlarınıza nə dərəcədə uyğun gəlir?

- Əlbəttə, mənə bir baş məşqçi kimi rahat olardı ikinci komandanın mövcudluğu. Hansından ki futbolçular götürmək, az oynayan gənclərə orda oyun praktikası qazanmaq imkanı vermək olar. Amma elə vəziyyət yaranıb ki, yetimələrimizə ən yüksək səviyyədə oynamaq imkanı verməliyik. Görürsünüz ki, çoxu Premyer Liqa klublarına tələbatlıdı. Biz tərəfdən heç də düzgün olmazdı onlara saxlayardıq daha 1 il I Divizionda. Belədə qərara gəldik ki, ikinci komandamız 1 il fəaliyyətini dayandırsın. Çox futbolçumuz artıq təkliflər olub, yeni  klublarında yer alıb. Gənc futbolçularımız isə hələ ki yoxdu I Divizion üçün. Sadəcə, kimi-gəldi götürmək ki, bu ili oynayaq - hesab elədik ki, bu, düzgün deyil. Buna görə qərara gəldik ki, 1 ili buraxaq, pauza götürək. Bundan sonra U-19 komandamız ora tam heyətlə daxil olacaq və ola bilər bir neçə təcrübəli futbolçu da əlavə olundu. Bu qərarı qəbul edəndə ilk növbədə fikirləşdik ki, bizim gənc oyunçular üçün daha yaxşısını necə edək. 

- Təbii ki, klub rəhbərliyi bu məsələni sizinlə də müzakirə edərək qərar verib...

- Bəli, rəhbərliklə söhbətləşdik. Bu məsələylə daha çox idman direktorumuz İqor Ponomaryov məşğul olur. O, daha çox kurasiya edir klubda bu hissəni. Əlbəttə, ikinci komandanın gələcək taleyini müzakirə elədik, fikir mübadiləsi apardıq. Bu, müvəqqəti qərardı və "dubl" 1 ildən sonra yenidən olacaq. 

- "Sabah"ın azarkeşlərinə həmişə dəyər vermisiniz, hörmətinizlə seçilmisiniz. Eləsə sonda onlara nə müraciət edərdiniz? "Sabah"ın sabahından nə gözləsinlər?

- Onlara keçən mövsüm üçün minnətdarlıq etmək istəyirəm. Onlar həmişə komandaların yanındadırlar, həmişə matçlara hazırlaşırlar, çoxlu "fair-şou" edirlər, futbolçular üçün hansısa şəkillər çəkə bilərlər. Bu, çox xoşdu. Harda - evdə, yaxud səfərdə oynamağımızdan asılı olmayaraq, onların dəstəyini hiss edirik. Bir şeyi söz verə bilərəm ki, çox işləyəcəyik və və növbəti mövsümdə onlara sevinc bəxş etmək üçün hər şey edəcəyik..

No description available.

 

 

MEHMAN SÜLEYMANOV