"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VI turunda "Sabah"ı evdə 2:0 hesabıyla məğlub etdikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçla bağlı danışıb.
- Futbolçularımı təbrik edirəm. Vacib qələbə, vacib oyun idi. Şükürlər olsun, çempionatfakı fasilədən sonra futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Oyunçuların fikrinin bu oyunda olmağı vacib idi.
- Çempionatı təhlil edəndə belə hiss olunur ki, "Qarabağ" diqqət pozuntusu yaşayır. Bu haqda düşüncələriniz necədi?
- Bəlkə də son vaxtların ən dəyişik çempionat oldu. Heç bir rəqibə fərq qoymuruq. Bu gün bütün komandaların gücü bəllidirİstənilən rəqib bir-birinə qalib gələ, xal ala bilər. Sadəcə, sıx qrafikimiz var. Futbolçuları nə qədər hazırlamağa çalışsaq da, yorğunluq fonunda çətindi. Rotasiyalar çox edirik, bəzi oyunçuları meydana da buraxmırıq. Futbolçularımızı qorumaq istəyirik. Belə qrafikdə olmağımız ilk deyil. Sadəcə, bu il zədəlilərimiz çox idi. İtkilər komandaya zərbədi. Qarşıdakı oyunlarda daha ciddi olmalıyıq. Bəzən risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər məğlubiyyət, heç-heçə bizə zərbə ola bilər.
- Yerli oyunçu baxımından sıxıntınızın olduğu hiss olunur. Bu gün qapıda Amin Ramazanova şans verdiniz. Belə demək olarmı ki, onu çemponatda məhz limitə görə daha çox görəcəyik?
- Bəli, belə problemlərimiz var. Amin gənc olsa da, az oyunda iştirak etməyib. Ona güvənirik, nə qədər çox matça çıxsa, bir o qədər yaxşıdı. İstənilən oyunçunu meydana buraxmağa çəkinməyəcəyik. Ehtiyac olarsa, onun xidmətindən istifadə edəcəyik.
- Diakabinin Avropa Liqasının oyunları üçün sifariş olunmaması nə ilə bağlıdı? Onun gələcək taleyi çox müzakirə olunur...
- Mikrozədələri var. Bəzən tam güclə məşq edə bilmir. Bir müddət geridönüş etmişdi, çempionat oyunlarında özünü göstərmişdi. İndi isə mikrozədələr qarşısını alır. Keçmiş formasına qayıda bilsə, ondan yenidən istifadə edəcəyik.
- "Qarabağ" üçün transfer məsələsi bağlanıb?
- Ehtimal ki, qışadək bitib. Çünki bundan sonra ancaq azad agent olan oyunçunu götürə bilərik və onun da formasının hansı səviyyədə olduğu sual altındadı. Ola bilər, dekabra qədər transfer olmasın. Ancaq yeni oyunçu istərdim. Gözləyəcəyik, axtarışda olacağıq.
- Hesab daha fərqli ola bilərdi. Qolunuz qeydə alınmadı. Bugünkü matçda hakimliyi mecə dəyərləndirərdiniz?
- Qarşımızda intizamlı komanda var idi. "Sabah"a qarşı oynamaq heç də asan deyil. Qələbə böyük nəticədi. Hakimliklə bağlı bilmirəm....Sadəcə, getdikcə xırda epizodlara daha çox diqqət ayırırlar. "Səbail"lə oyunda qapımıza təyin olunan penalti və başqa epizodlarda bəsit qərarlar oldu. Hakimlərə etirazımız olmayıb. Bu gün də qol və penaltidə ofsaydın hardan olduğunu bilmirəm. Onlar yaxşı bilir. Səhvlər nəticəyə böyük təsir göstərə bilər. Hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. İşimiz meydanda daha intizamlı olmaq və oynamaqdır.
- Əcnəbi qapıçılarınız Lunyovla Quqeşaşvilinin oyun praktikaları azdı. Bu, sizi narahat etmir?
- Xeyr. Özüm narahat rahat olsam, komanda da narahat olacaq. Lunyova inanırıq. İki-üç oyundan sonra özünü daha hiss edər. Narahatlığım yoxdu.
- Şahruddin Məhəmmədəliyevin "Adana Dəmirspor"a keçidi necə baş tutdu?
- Özü və klub üçün yaxşı təklif oldu. Qarşılıqlı razılaşdıq və qərara gəldik ki, getməsinə şərait yaradaq. Türkiyə Super Liqasına Azərbaycandan, "Qarabağ"dan oyunçu gedirsə, buna sevinməliyik. Son vaxtlar böyük "bazar"a girmişik. Artıq Azərbaycan futboluna maraq çoxalıb. Gördüyünüz kimi, Kadi Borges Rusiyaya, İbrahima Vadji Fransaya getdi. Onların getdikləri yerdə bizdən, ölkədən danışılması faydalıdı. Bu, bütün oyunçular üçün yaxşıdı. Azərbaycan futboluna maraq artır, təkliflər çoxalır. Hər oyunçuya təşəkkür edirəm. Hər futbolçu öz səhvini başa düşməli və təkrarlamamalıdı. Bu, futbolçulardan tələbimizdi.
- Bəhlul Mustafazadə son oyunlarda yaxşı formadadı. Zədəsi nə yerdədi? "Molde" ilə matçda oynaya biləcək?
- Ağrısı var. İnşallah, ciddi problem olmamalıdı. Sadəcə, həkimlərin ilkin rəyinə görə, zərbə sinir nöqtəsinə dəyib və ayağında keyləşmə yaranıb. Sabah müayinə olunandan sonra dəqiq fikir bildirə bilərik. Son matçlarda yaxşıdı. Lakin bəzi şeylər var, daha yaxşılaşdırmalıdı. Bəhlulun hazırda pik nöqtədə olduğunu deyə bilmərik.
- Qrupdakı ilk rəqibiniz olan "Molde"ni təhlil etməyə başlamısız?
- Tam yox, bir az. Ciddi rəqibə qarşı oynayacağıq. "Qalatasaray"la oyunlarına və çempionatda bir matçlarına baxmışıq. Fərqli sistemdə oynayırlar. Nəticə üçün oynamağı sevən komandadı. Oyunun gedişində ciddi dəyişikliklər edirlər.
- "Adana Dəmirspor"un Toral Bayramovu da transfer etmək istədiyi deyilir. Nə dərəcə düzgündür?
- Xeyr, elə bir məlumatımız yoxdur. Təklif gəlməyib.