"İmişli" Futbol Klubunun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir. Bu stadionda bizim klubdan başqa 3 klub II liqa və region liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər".
Sport24.az xəbər verir ki, bu sözlər yeni mövsümdən Premyer Liqada yarışacaq "İmişli" klubunun yaydığı bəyanatdan götürülüb.
Qeyd edilib ki, klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər etsə də, çox təəssüf ki, bu müraciətlər öz müsbət həllini tapmayıb.
"Bu mövsüm klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirib. Dünya standartlarına əsasən bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil.
Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunub və məsələnin müsbət həlli istiqamətində dəstək alınıb. Əminik ki, qısa zamanda Ulu Öndər Heydər Əliyev adına İmişli şəhər stadionunun "İmişli" PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA kateqoriyası 3 meydançası üçün renovasiya işlərinə başlaya biləcəyik".