Dekabrın 8-9-da Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürəcək. 8 elita təmsilçisinin mübarizə aparacağı mərhələdə “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni, “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək. Təcrübəli mütəxəssis, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Sport24.az-a müsahibəsində cütlüklərlə bağlı fikirlərini bölüşüb, komandaların şanslarını dəyərləndirib.

- “Neftçi” Premyer Liqanın 16-cı turunda “Qarabağ”a biabırçı (0:4) məğlubiyyətdən sonra ölkə kubokunda “Zirə” ilə görüşə qədər toparlana biləcəkmi?

- “Neftçi”nin nə oynadığını heç mən də başa düşmürəm. “Qarabağ”la matçda əvəzetmələr zamanı özüm məəttəl qaldım. Azər Əliyev müdafiənin sağ cinahında oynayırdı. Azər hələ “Ufa”da olanda sol cinahda çıxış edirdi. Həmin vaxt “Ufa” 3-5-2 sxemində çıxış etdiyi üçün Əliyev daha çox vinger mövqeyində yer alırdı. Solaxay oyunçunu sağ cinahda oynatmaq nə dərəcədə doğrudur? Bəlkə də, baş məşqçi Azərin hücuma çox atılacağına ümid edirdi. Ancaq unutmayaq ki, həmin cinahda Abdullah Zubir və Elvin Cəfərquliyev kimi oyunçulara qarşı çıxış edirdi. “Qarabağ”ın bütün hücumları da elə həmin cinahdan qurulurdu. Sərəncamında müdafiəçi ola-ola onu ehtiyatda saxlayıb, başqa seçim etməyi düzgün hesab etmirəm. “Neftçi” ilə bağlı belə misallar həddən artıq çoxdur. O ki qaldı “Zirə”yə, bu komanda indi oyun baxımından yaxşı durumdadır. “Neftçi”yə çox ağır olacaq. Yarımfinala adlamaq üçün iki matçdan uğurlu çıxmaq lazımdır. Bunun üçün də futbolçu qüvvən çox olmalıdır. “Neftçi” ölkə kuboku ilə yanaşı, çempionatda da ikinci yer uğrunda mübarizə aparmalıdır. “Neftçi” tarixi boyu hər iki turnirdə birinci yerə iddia edib. Baş məşqçi nə fikirləşir, bilmirəm.

- “Netçi”də yaranmış xaosu nəzərə alsaq, “Zirə”ni cütün favoriti saymaq olar?

- Kubokda kimisə favorit göstərmək çətindir. Yenə “Qarabağ” olsaydı, nəsə demək olardı. Hətta bəzən Ağdam klubu da aparıcı oyunçularına istirahət verir. Futbolçu da insandır, 10 ayı eyni səviyyədə keçirə bilməz. Belə cütlüklərdə nadir hallarda favorit olur.

- “Qarabağ”ı da “Qəbələ” önündə favorit adlandırmaq olmaz?

- Bu başqa məsələ. “Qarabağ”ın üstünlüyü var. “Qəbələ” də çempionatda 3-4-cü yerlər uğrunda yarışır. Amma onların ehtiyat qüvvəsi azdır. “Qarabağ”dan fərqli olaraq, “qırmızı-qaralar” bu baxımdan problem yaşayır. Qətərdə keçirilən dünya çempionatı da göstərir ki, çempionluğa iddia etmək üçün meydandakılarla eyni səviyyədə ehtiyatında da futbolçular olmalıdır. Məsələn, Braziliya yığmasında ehtiyatdan oyuna qoşulan futbolçu komandasının gücünü daha da artırır. Bizdə ancaq “Qarabağ”da belə halla rast gəlmək mümkündür. Təbii ki, bunu da birdən-birə bacarmayıblar. İllərlə bunun üzərində işləyiblər.

- Favoritlərdən “Sabah”ın “Səbail”lə ilk matçı səfərdə keçirməsinin bir təsiri ola bilərmi?

- “Sabah”da meydança təbii, “Səbail”də süni örtükdür. Bu mənada “Sabah” əziyyət çəkə bilər. Futbolçuların tələb olunan sürəti göstərə bilməmələri normal olar. Ancaq istənilən halda Murad Musayevin kollektivi üstündür. Əsas məsələ odur ki, “Sabah” eyni anda iki turnirdə mübarizə aparaca biləcəkmi? Uzağa getməyək, çempionatın ötən turunda “Şamaxı” ilə matçda xal itirdilər. Belə nüansları da nəzərə almaq lazımdır.

- “Kəpəz” və “Turan Tovuz” Qərb derbisində üz-üzə gələcəklər. Yarımfinal yolunda daha güclü komanda ilə qarşılaşmadıqları üçün hər iki komandanı şanslı saymaq olar?

- Bu komandaların duellərində həmişə anşlaq olub. Bu cütlükdə aşkar favorit yoxdur. Hər ikisi kubokda hədsiz istəkli ola bilər. Bu cütün qalibi də finala qədər “Qarabağ” və “Sabah”dan uzaqdır. Bu üzdən onlardan hansınınsa finala çıxması möcüzə olmaz.

- Ümumi nəzər yetirdikdə kubok yarışında necə mübarizə gözləyirsiniz?

- Çempionatla kubok oyunları fərqli olur. Ölkə kubokunun nəfəsi bütün klublara təsir edir, futbolçularda motivasiya fərqli olur. Məsələn, Premyer Liqada 5-6-cı yerlərdə gedən komanda ölkə kubokunda finala çıxa bilər. Bu üzdən bütün klublar istəklidir. İstəyin varsa, burada daha tez uğur qazana bilirsən. Səhv eləmirəmsə, final oyunu iyunun 3-də olacaq. Halbuki adətən həlledici görüş mayın sonlarında olurdu. Əlbəttə ki, çempionatda “Qarabağ”a rəqibin kimliyinin fərqi yoxdur. Ancaq kubokda mübarizə aparandan sonra onlara da ağır olacaq. Çünki bu komanda eyni zamanda çempionatda və avrokuboklarda da mübarizə aparır.

 

 

KAMAL RZA