"Şamaxı" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Abbasovun Sport24.az-a müsahibəsi

- "Şamaxı"nın cari mövsümdəki çıxışını necə dəyərləndirirsən?
- Mövsümün komanda üçün yaxşı keçdiyini düşünürəm. Amma daha da yaxşı ola bilərdik. Çünki bəzən qələbə qazanmağa yaxın olduğumuz qarşılaşmalar var idi. Son dəqiqələrdə qollar buraxıb qalibiyyətləri əldə vermişik. Bu qələbələr reallaşsaydı, avrokubok zonasına daha yaxın olardıq. Buna baxmayaraq komandamız çox çalışdı.

- Premyer Liqanı tərk etməyəcəyiniz dəqiqləşəndən sonra matçlara necə motivasiya olursunuz?
- 1-2 pillə yuxarı qalxmaq üçün hələ də şansımız var. Bunun üçün motivasiyalı olmağa dəyər. Bizi ağır matçlar gözləyir. Növbəti oyunumuz çempionluğunu rəsmiləşdirən "Sabah"a qarşıdır. Ardınca "Neftçi", "Turan Tovuz" və "Qəbələ" ilə qarşılaşacağıq. Bütün bu oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Mövsümün sonunda klubdan ayrılacağınla bağlı xəbərlər dolaşır. Sənə yeni sözləşmə təklif olunub?
- Bəli. Yeni müqavilə təklif ediblər.

- Qərarın nədir?
- Mənim istəyim ölkə xaricində çıxış etmək, legioner həyatı yaşamaqdır. Ümid edirəm ki, ölkə xaricində çıxış edəcəyəm.

- Baş məşqçi Ayxan Abbasov da klubdan ayrılacaq...
- Bəli. O, bu komanda üçün çox şey edib. Ayxan müəllim əziyyəti danılmazdır. Əvəzedici heyətdə olanda məhz Ayxan müəllim məni komandaya cəlb edib. Ondan öyrənəcəyimiz çox şey var, onun yanında çox inkişaf etdim.

- Ayxan Abbasovun yoxluğu "Şamaxı"ya təsir edə bilər?
- Bəli. Məncə, təsir edəcək. Amma buna baxmayaraq əminəm ki, "Şamaxı" hər il Premyer Liqada qalacaq.