"Keşlə"nin transferini həll etməyə çalışdığı daha bir legionerin adı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, seneqallı cinah yarımmüdafiəçisi Umar Qudiabidi.
Maraqlıdı ki, 26 yaşlı vinger bunadək Bakıya gələrək meydana da çıxıb. Belə ki, o, Şimali Makedoniyanın "Şkupi"sinin futbolçudu. Umar ötən yay bu komandanın heyətində Avroliqanın I təsnifat mərhələsində "Bakcell Arena"dakı 1:2 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları matçda əsas heyətdə yer alıb və 70-ci dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan çıxarılıb.
Qudiabi keçən mövsüm də bu komandada çıxış edərək, 30 matçda 4 qola imza atıb. O, Şimali Makedoniyada qalmaq istəməyərək, karyerasını Avropanın başqa ölkəsində davam etdirmək fikrindədi.
Azərbaycan Kubokunun son qalibi Umarla maddi məsələlərdə ilkin razılıq əldə edib və qarşıdakı günlərdə rəsmi müqavilə imzalamaq üçün onu Bakıya dəvət etməyi planlaşdırır. Hətta bildiyimizə görə, hazırda Şimali Makedoniyada olan futbolçuya Vətəninə yollanmamaq da məsləhət görülüb. Çünki Qudiabi bu halda uzun yol qət etməli olacaq, "Keşlə" isə iyunun 15-də bir araya gələrək çıxış edəcəyi Konfrans Liqasına hazırlığa başlayacaq.