Misli Premyer Liqasının XXII turu çərçivəsində son pillələrdən canını qurtarmağa çalışan "Kəpəz" Qəbələdə qış fasiləsindən sonral qələbəyə həsrət qalan "Səbail"i qonaq edirdi. Gəncə təmsilçisinin ötən turda "Araz-Naxçıvan"ı məğlub etməsi "sarı-göylər"in azarkeşlərini xeyli ümidləndirmişdi.
Qarşılaşmanın ilk hissəsi "Kəpəz"in üstünlüyü şəraitində keçdi. Görüşün 29-cu dəqiqəsində Martins Junior "sarı-göylər"i hesabda önə keçirdi. Bununla kifayətlənməyən Adil Şükürovun yetirmələri oyunun taleyini ilk yarıda həll etmək üçün ard-arda hücumlar qurur, rəqibi müdafiədən oynamağa məcbur edirdi. Gəncəlilər birinci 45 dəqiqədə hesab arasında fərqi artırmağa yaxın olsalar da, şanslardan istifadə olunmadı. Əvəzində idə "vurmayana vurarlar" prinsipi işə düşdü. İlk hissənin əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom hesaba tarazlıq gətirdi.
İkinci 45 dəqiqədə isə tamam fərqli "Səbail" gördük. Əvvəlcə 52-ci dəqiqədə Rüfət Abdullazadə komandasının ikinci qolunu vurdu. 8 dəqiqə sonra paytaxt klubu 3-cü topu "Kəpəz"in qapısından keçirdi. Suleyman Alluş Bayıl təmsilçisinin heyətində ilk qolunu vurdu. Hücumlara ara verməyən "Səbail" 90-cı dəqiqədə rəqibini növbəti dəfə mərkəzə dəvət etdi. Bununla da Alluş "dubl"nu rəsmləşdirdi.
Beləliklə, Şahin Diniyevin komandası 2024-cü ildə ilk qalibiyyətini əldə etdi. Bu ay heyətə cəlb edilən Suleyman Alluş isə nümayiş etdirdiyi oyun və vurduğu qollarla uyğunlaşma ilə bağlı problem yaşamadığını, "Səbail"ə faydalı olacağını ortaya qoydu. "Kəpəz"ə gəldikdə isə komanda hər nə qədər baxımlı oyun nümayiş etdirsə də, ehtiyat oyunçular skamyasının kasad olması Adil Şükürova manevr etmək imkanı vermir. Məhz bu səbəbdən "sarı-göylər" mövsümdə üçüncü dəfə "Səbail" səddini keçə bilmədi və İlk dövrədə olduğu kimi "dənizçilər" gəncəliləri 3 top fərqi məğlub etdi.
MURAD ABDULLAZADƏ