Birinci Liqada çıxış edən "Karvan"ın hücumçusu Bəhruz Teymurovun Sport24.az-a müsahibəsi.

 

- "Cəbrayıl"ı məğlub edib Premyer Liqaya vəsiqəni təmin etdiniz. Təəssüratlarınız necədir?

 

- Daha öncədən çempionatın gərgin keçəcəyi hərkəsə bəlli idi. Çünki ilk turdan çempionluğa 3 komanda oynayırdı. Başda baş məşqçimiz Kənan müəllim olmaqla biz futbolçular elitaya yüksəlmək üçün əlimizdən gələn hər şeyi etdik və şükürlər olsun istəyimizədə nail olduq.

 

- "Karvan"ın infrastruktur baxımından hansı çətinliyi var?

 

- İnfrastruktur baxımından heç bir çətinliyimiz yoxdur. "Karvan" köklü komandadır. Bildiyiniz kimi vaxtı ilə Premyer Liqada iştirak etmişik. Həmin zamandan bəri strukturumuz qorunub saxlanılırdı. Hətta bundan əlavə olaraq bütün müasir standartlara cavab verən yeni bazamız inşa olundu. Tək çətinliyimiz meydançamızın ot örtüyü ilə bağlıdır. Onu da rəhbərlik ən qısa zamanda həll edəcək.

 

- Növbəti mövsüm klubda qalmağı planlaşdırırsınız?

 

- Növbəti mövsüm komandada qalıb-qalmayacağımla bağlı indi heç bir söz deyə bilmərəm. Buna mən yox, klub qərar verəcək. Amma qalmağımı təklif etsələr, böyük məmuniyyətlə, canla-başla komandama kömək edərəm.

 

- Yenidən elitada çıxış edə bilərsiz. Hansı hissləri keçirirsiniz?

 

- Uzun zamanda sonra yenidən Premyer Liqada oynayacağıma görə sevinirəm.

 

- İkincilik uğrunda gərgin mübarizə davam edir. "İmişli" sizi bir xal qabağlayır. Gümüş medalı qazanmaq çətin olmayacaq?

 

- Bəli, hazırda "İmişli" bizdən 1 xal irəlidədir. Riyazi olaraq bu çox kiçik bir fərqdir. Bəlkə də elə bu amil bizim növbəti oyunlara maksimum motivasiya ilə çıxmağımıza səbəb olacaq. "Qəbələ"nin çempionluğu rəsmiləşdirməsindən sonra bizim hədəfimiz 2-cilikdir. İnşallah bunun üçün də əlimizdən gələni edəcəyik.

 

- Bombardirlik yarışında ilk pilləni komanda yoldaşınızla Emil Qasımovla bölüşürsünüz. Sizcə, sonda qalib kim olacaq?

 

- Bombardirlik yarışında ilk 2 pilləni tutmağımıza baxmayaraq biz bu haqda düşünmürük. Komandamızın qollarını kimin vurmasının bizim üçün heç bir önəmi yoxdur. Əsas olan bizim qələbələr qazanaraq hədəfimizə nail olmaqdır. Amma yekunda çox istəyərdim ki, bu şərəfə bizim gənc və istedadlı hücumçumuz Emil Qasımov yiyələnsin.

 

 

Nuh Tarverdiyev