Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim oyunçular da pis çıxış etmədi. İlk qola qədər rəqibə imkan vermədik. Standart vəziyyətdən sonra fərqləndilər və bu qol bizdə inamsızlıq yaratdı. Rəqib isə daha güvənli oynamağa başladı. Qola reaksiya verməyə çalışsaq da, alınmadı. Fasiləyə qədər fərqi azaltmaq istədik. İkinci hissəyə dəyişikliklə başladıq. Küləkli hava da bir az çətinlik yaratdı. Geridönüş etmək istəsək də, rəqib bizi əks-hücumda yaxaladı və daha bir qol vurdu. 1:3-dən sonra azlıqda qaldız. Futbolçumuz öz səhvindən qırmızı vərəqə aldı. 11 nəfərlə qalsaydıq, bəlkə daha yaxşı oynayar, geridönüş edə bilərdik.
– Pozitiv birinə bənzəyirsiniz. Sanki komandanız məğlub olmayıb.
– Pozitiv olmaq lazımdır. Nələr üzərində işlədiyimizi bilirik. Eyni zamanda, komandama, özümə inanıram. Zamanla daha yaxşı olacağıq. Əlbəttə, nəticəyə görə məyusam, amma hələ mövsüm yeni başlayıb.
– Bu gün sərəncamınızda cəmi 17 oyunçu var idi. Heyətin kasad olması oyuna təsir etdi?
– Nələrisə bəhanə etmək üçün bura gəlməmişəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Əlimdəki materialın ən yaxşısından istifadə etməyə çalışıram. Transferlər olacaq, heyətimiz komplektləşəcək. "Neftçi" ilk rəsmi matçına çıxanda biz toplanışa başlayırdıq. Yeni oyunçular bizimlə cəmi 2-3 məşq keçiblər.
– Bəzi oyunçular haqqında internetdə normal material yoxdur. Bəziləri neçə aydır, oynamır.
– Reallıq nədirsə, onun üzərində işləyirəm. Qarşıdakı oyunumuz da böyük ehtimal təxirə salınacaq. Buna görə hazırlıq üçün yenə vaxtımız olacaq.
– Kapitan Səbuhi bu gün komandanı çətin vəziyyətdə qoydu. Sarğını ondan almağı düşünürsünüz?
– Kaş belə etməzdi. Amma futbolda bu cür hallar olur. O, bizim kapitanlarımızdandır.