Misli Premyer Liqasının I turunun "Sumqayıt" – "Neftçi" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Oyunu necə şərh edərdiniz?

 

– "Sumqayıt" doğma meydanında yaxşı oynayır. Bu il komandada çoxlu dəyişikliklər olub. Onlar haqqında kifayət qədər materialımız yox idi. Kömək üçün kimə dediksə, bizə "yox" cavabını söylədilər. Yalnız "Şamaxı" ilə yoxlama matçlarını izləmək imkanımız olmuşdu və onda da 4 müdafiəçi ilə meydana çıxmışdılar. Bu gün isə fərqli taktika ilə oynadılar. Əsas məqam bizim necə çıxış etməyimizdir. 3 qol vurduq və daha bir neçə fürsətdən yararlana bilmədik. Eyni zamanda, sadə qol buraxdıq. Bu, mənim üçün gözlənilməz oldu. Mövsümə qələbə ilə başlamaq vacib idi.

 

– Endryu Qravilyon yarımmüdafiədə oynadı. Gələcəkdə də bu mövqedə çıxış edəcək?

 

– Qravilyon universal futbolçudur. Bir neçə fərqli mövqedə oynamağı bacarır. Belə futbolçu məşqçi üçün də önəmlidir. Yeni transferlərin uyğunlaşması üçün vaxta ehtiyacı var. Yenilərdən bu gün Tupta və Rüfət startda şans qazandı və özlərini pis göstərmədilər.

 

– Rəqib azlıqda qalandan sonra sanki matçdan qopdunuz. Bu, nə ilə bağlı idi?

 

– Rəqibin qoldan başqa epizodu oldu? Xatırlamıram, amma bizim epizodlarımız kifayət qədər çox idi. Bunları dəyərləndirə bilsəydik, hesab daha fərqli alınardı. Azərbaycan çempionatında bütün komandalar demək olar, bərabərdir. Məsələn, "Turan Tovuz" – "Qəbələ" oyununda minimal fərq oldu. Digər görüşdə də bərabərlik qeydə alındı.

 

– Ukraynalı futbolçu Qutsulyakla danışıqlar apardığınız doğrudur?

 

– Bəzən elə futbolçuların adları hallanır ki, heç onları tanımıram. Belə şeylər menecerlərin işləridir. Qutsulyakla bağlı məlumatım yoxdur. Olsaydı, bunu açıq şəkildə deyərdim. Ümumilikdə, Qutsulyak möhtəşəm oyunçudur. Yaxşı sürəti, driblinqi var. Sol ayaqla gözəl zərbələr də endirə bilir. Fərq yaratmağı bacaran futbolçudur. "Neftçi"də oynamaq istəsə, imtina etməzdim.

 

– Moldova mətbuatının iddiasına görə, "Şerif" rəhbərliyi də sizinlə əlaqə saxlayıb.

 

– Bunu sizdən eşidirəm. Mənim "Neftçi" ilə müqaviləm var. Hər şeydən razıyam. Tez-tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar təklif etsələr, yenə getmərəm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda buradakı məvacib buna bəs edir.

 

– Kenan Piriç komandadan ayrılıb?

 

– Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlərimiz davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağa üstünlük verən futbolçuları  gətirmək arzusundayıq. Hazırda heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər futbolçu öz üzərində ciddi şəkildə çalışır. Biz də istəyirik ki, onlar yaxşı nəticələr ortaya qoysunlar.