İslandiya millisinin sabiq futbolçusu Kari Arnason UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Vestri" qarşılaşması barədə fikirlərini bölüşüb. Sport24.az-a açıqlamasında Arnason Ağdam təmsilçisini cütün aşkar favoriti adlandırıb:

 

"Düzünü desəm, bu cütdə "Qarabağ"ı açıq favorit hesab edirəm. "Vestri" İslandiyanın ən ucqar bölgələrindən biri olan İsafjordur şəhərini təmsil edən çox kiçik klubdur. Komandanın təmsil etdiyi icmanın əhalisi cəmi bir neçə min nəfərdir və bu, onların tarixində ilk Avropa təcrübəsi olacaq. İslandiya Kubokunu qazanaraq Avropaya vəsiqə əldə etmələri ölkə futbolu üçün əla hekayədir.
Lakin reallıq ondan ibarətdir ki, təcrübə, oyun keyfiyyəti, büdcə və Avropa arenasındakı bilik baxımından komandalar arasında çox böyük fərq var. "Qarabağ" uzun illərdir UEFA turnirlərinin daimi iştirakçılarından biridir, "Vestri" isə indiyədək heç vaxt Avropa oyununda çıxış etməyib".

 

Millinin sabiq üzvü Ağdam klubunun ciddi problemlə qarşılaşamayacağını da bildirib:

 

"Əlbəttə, futbol sürprizlərlə zəngindir, xüsusilə də təsnifat mərhələlərinin ilk raundlarında. Ancaq iki oyunun nəticəsinə əsasən, "Qarabağ"ın ciddi problemlə üzləşəcəyinə inanmıram. Məncə, Azərbaycan çempionu növbəti mərhələyə rahat şəkildə yüksələcək. Bununla belə, "Vestri"nin Avropa Liqasına vəsiqə qazanması artıq klub və onu dəstəkləyən kiçik icma üçün böyük uğurdur. Onlar bu tarixi təcrübənin hər anından zövq almağa çalışacaqlar".

 

Qeyd edək ki, "Qarabağ" İslandiya təmsilçisi ilə ilk oyununu iyulun 9-da Bakıda keçirəcək.