"Təəssüf ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsinin hər iki oyununda uğursuzluğa düçar oldu. Avstraliya və Paraqvayla görüşlərdə ərazi üstünlüyünə malik olsalar da, rəqiblərin sıx müdafiəsini yarmaqda çətinlik çəkdilər". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Türkiyə millisinin dünya çempionatının ikinci qarşılaşmasında Paraqvaya (0:1) məğlubiyyətini şərh edib:
"Hücumların şablon xarakter daşıması, heyətdə rotasiyanın az olması və fərdi keyfiyyətləri yüksək olan futbolçuların çatışmazlığı sözünü dedi. Son ötürmələrdə və hücumların yekunlaşdırılması mərhələsində futbolçular düzgün qərarlar verməkdə çətinlik yaşayırdılar. Bütün bunlar nəticədə məğlubiyyətlərə səbəb oldu. Paraqvay 50-60 dəqiqə azlıqda oynasa da, sadaladığım amillər Türkiyənin oyununa mənfi təsir göstərdi və komanda bütün şanslarını itirdi. İndi gələcəyə baxmaq lazımdır. Heyətdə kifayət qədər gənc futbolçu var və düşünürəm ki, bu dünya çempionatı onlar üçün dəyərli təcrübə oldu".
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə yığması pley-off şansını itirib.