Belaruslu futbolçu Nikita Tarbyakov "Baku Sportinq" klubuna qarşı FIFA-da iddia qaldırsa da, dünya futbol qurumu onun tələblərini təmin etməyib. Sport24.az xəbər verir ki, FIFA-nın Mübahisələrin Həlli Palatası işə baxdıqdan sonra futbolçunun təqdim etdiyi arqument və sübutların kifayət etmədiyi qənaətinə gəlib.
Tarbyakov iddia edib ki, 2024-cü ilin avqustunda "Baku Sportinq"lə müqavilə imzaladıqdan sonra klub onun iş icazəsi və digər zəruri sənədlərini rəsmiləşdirməyib. Belaruslu futbolçunun sözlərinə görə, bu səbəbdən o, Azərbaycanda miqrasiya problemləri ilə üzləşib, cərimələnib və ölkəni tərk etmək məcburiyyətində qalıb.
Müdafiəçi həmçinin maaşlarının ödənilmədiyini, sığorta ilə təmin olunmadığını və rəsmi yarışlar üçün qeydiyyatdan keçirilmədiyini bildirərək FIFA-dan kompensasiya tələb edib.
Lakin araşdırma zamanı FIFA futbolçunun səsləndirdiyi iddiaları təsdiqləyən kifayət qədər sübut təqdim etmədiyini müəyyənləşdirib. Qurum xüsusilə qeyd edib ki, oyunçu klubun müqavilə öhdəliklərini pozduğunu və yaranan problemlərə görə məsuliyyət daşıdığını lazımi şəkildə sübuta yetirə bilməyib.
Nəticədə FIFA "Baku Sportinq"in müqavilə pozuntusuna yol verdiyinin təsdiqlənmədiyi qənaətinə gələrək müdafiəçinin bütün maliyyə tələblərini rədd edib.
Beləliklə, Azərbaycan klubu FIFA-dakı bu mübahisədən qalib ayrılıb.