"Bakıda 2:1 hesabı ilə məğlub olsaq da, artıq "Dinamo" ilə aramızda səviyyə fərqi ilk oyunda hiss olunurdu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının direktoru Aftandil Hacıyev deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" ( Zaqreb ) klubuna qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Cavab görüşündə də bunun şahidi olduq. Söhbət təkcə hesabdan getmir. Matçın gedişində müəyyən məqamlarda rəqibin daha keyfiyyətli və üstün futbol oynadığı görünürdü. Məğlubiyyət bizi məyus etsə də, qol epizodları yarada bildik. Bəlkə də hesab 7:3 ola bilərdi. Ümumiyyətlə, uşaq futbolunda ciddi problemlərlə üzləşirik. Bunu daxili çempionatda hiss etməsək də, beynəlxalq matçlarda açıq şəkildə görürük. Komandamız ölkə çempionudur. Çempionatda çox rahat üstünlük əldə edirik. Ancaq dediyim kimi, bu üstünlüyü beynəlxalq matçlarda, xüsusilə də "Dinamo" kimi komandalara qarşı göstərmək çox çətindir. Rəqibin akademiyası dünyada seçilir".
Hacıyev aşağı yaş qrupları üzrə çempionatlara yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb:
"Belə oyunlar gənclərimiz üçün böyük təcrübədir. Bu cür qarşılaşmalar daha çox olsa, futbolçularımız özlərini inkişaf etdirə bilərlər. Aşağı yaş qrupları üzrə çempionatlara baxış və yanaşma ümumilikdə dəyişilməlidir. Əks halda, bu cür fərqi hər il hiss edəcəyik. Gec olmadan akademiyalarda uşaq futbolunun inkişafı məsələsinə hər kəs ciddi yanaşmalı və bunun üçün düzgün addımlar atmalıdır".
Qeyd edək ki, Rəşad Sadiqovun komandası Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub. Matç meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıdakı ilk qarşılaşmada da "Qarabağ" rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu.