FİFA prezidenti Canni İnfantino Nikaraquadan olan ev işçisi üçün ABŞ-da iş icazəsi alma prosesini sürətləndirmək məqsədilə Donald Trampın administrasiyasındakı əlaqələrindən istifadə edib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 

Söhbət Nikaraqua və daha üç ölkənin vətəndaşları üçün nəzərdə tutulmuş humanitar immiqrasiya proqramının ləğvindən sonra qanuni statusunu itirmiş 33 yaşlı Yaharlin del Sokorro Fernandesdən gedir.

 

Mənbənin bildirdiyinə görə, Fernandes 2024-cü ilin avqustunda FİFA əməkdaşı kimi qeydiyyata alınıb, halbuki əslində o, İnfantinonun evində xidmətçi kimi çalışırdı. İddiaya görə, 2026-cı ilin yanvarında FİFA rəhbəri, Tramp administrasiyası ilə əlaqələri olan ABŞ Futbol Federasiyasının keçmiş prezidenti Karlos Kordeiroya müraciət edərək, həmin şəxs üçün yeni iş icazəsinin alınmasında kömək istəyib.

 

Elə həmin ay Fernandes iş icazəsi alıb və yenidən FİFA əməkdaşı kimi qeydiyyata salınıb. Onun illik müqavilə maaşı 40 000 dollar təşkil edib.

 

FİFA bu iddiaları qəti şəkildə təkzib edib. Təşkilatın sözçüsü bildirib ki, federasiya ABŞ-ın immiqrasiya qanunvericiliyinə riayət edir və İnfantino ev işçilərinin xərclərini şəxsən özü qarşılayır. FİFA həmçinin yayılan ittihamları yalan və ya yanlış yönləndirici kimi xarakterizə edib.