"Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar. Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Futzal federasiyasının mətbuat xidmətinə açıqlamasında millinin baş məşqçisi Yevgeni Kukseviç 12-ci qrupu dəyərləndirərkən deyib.
Millinin çalışdırcısı yığmanın yer aldığı 12-ci qrupda nəticə qazanmağın mümkünlüyünü də ifadə edib: "Ancaq nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır".
Qeyd edək ki, millimiz DÇ-2028-in əsas mərhələsində Çexiya və Latviya yığmaları ilə üz-üzə gələcək. Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək.