Ötən axşam Avropanın ən çılğın azarkeşlərinə sahib olan klubun bir qrup fanatını görmək nəsibimiz oldu. “Olimpiakos”un fanat ordusu stadiona çox sayda gəlməsə də, mükəmməl auranı yaratmağı bacarmışdı. UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin birinci görüşündə “Neftçi”ni qəbul edən 46 qat Yunanıstan çempionu cütlüyün aşkar favoriti hesab edilirdi. Bu barədə əvvəlki yazılarda bəhs etmişdik. Elə yerli əhalinin də əminliklə çempionlarının qalib gələcəyini iddia etməsi təəccüblü deyildi. İstər təcrübə olsun, istər büdcə, istərsə də ifaçılar baxımından “ağ-qaralar” meydan sahiblərindən nəzərəçarpacaq dərəcədə geridə idi. Ancaq bütün dediklərimiz və sadaladıqlarımız start fiti səslənənədək keçərli hesab olunurdu. Bundan sonra isə nəzəriyyə arxa plana keçir.

İlk dəqiqələrdə Azərbaycan çempionu həyəcanını boğa bilmirdi. Samir Abasovun güvəndiyi “11-lik”də yaradıcı futbolçu yetərincə olsa da, ilk 10 dəqiqədə daha çox pərakəndəlik sezilirdi. Ancaq dəqiqələr ötdükcə təmsilçimiz özünü daha rahat hiss etməyə başladı. Rəqib qapısına endirilən bir neçə zərbə də Ellada torpağının təmsilçilərinə “sizdən çəkinmirik” ismarıcı idi. Aqil Məmmədovun qapısı həndəvərində isə ümumiyyətlə, qol qoxusu gəlmirdi. Ancaq 29-ci dəqiqədə “Neftçi” faciəvi şəkildə topu qapısında gördü. Muhəmməd Kamaranın paraşütvari ötürmə/zərbəsi inanılmaz traektoriya çızaraq uzaq doqquzluğa daxil oldu.

Buraxdığı kuryoz qol “ağ-qaralar”ı sındırmadı, əksinə, təmsilçimiz rəqibinin üzərinə daha böyük cəsarətlə getməyə başladı. Bu cür təzyiq tezliklə bəhrəsini verməli idi. Əla kombinasiyadan sonra Sabir Buqrin Namiq Ələsgərovu Kostas Tzolakislə təkbətək çıxardı. Təəssüf ki, son cempionatın bombardiri 18 yaşlı qolkiperlə randevudan məğlub ayrıldı. ilk yarının bitiminə 1 dəqiqə qalmış isə günün iki ən yaddaqalan siması meydanı tərk etməli oldu. “Neftçi”nin qapısına vurulan kuryoz qolun müəllifi fərqlənmək üçün ən real şansı qaçıran Namiqi karate fəndi ilə yerə sərdi. Nəticədə Kamara qırmızı vərəqəylə meydandan qovuldu, həmyerlimiz isə baş nahiyəsindən 3 sınıq almaqla əvəz olundu.

Fasilədən sonra təşəbbüs çempionumuzun tərəfində olsa da, hücumun sivri ucunda Ələsgərovun yoxluğu özünü qabarıq şəkildə hiss etdirirdi. Onu əvəz etmiş Mirabdulla Abbasov hərəkətli olsa da, faydalı iş əmsalı sıfır ətrafında idi. Hətta buna rəğmən, “Neftçi” adlı-sanlı rəqibini qapısına sıxıb topla döyməyə başlayırdı. Təəssüf ki, görüşün 63-cü dəqiqəsində Mert Çelik də yolverilməz hərəkətə görə meydandan qovuldu.

Bax, bundan sonra oyun fərqli məcrada davam etdi. Yox, təmsilçimiz hesabı qorumaq üçün oynamadı. Əksinə, yunanlar hər vəchlə tempi öldürməyə çalışırdılar. Ancaq dəqiqələr ötdükcə futbolçularımızda yorğunluq daha qabarıq formada hiss olunurdu. Buqrinin onsuz da oyundan əvvəl zədəsi var idi və tam gücü ilə oynaya bilmirdi, Emin Mahmudov son 15 dəqiqədə ayağını sürüyürdü,  Sezar Meza Kolli onsuz da pressinq tətbiq ediləndə effektiv ola bilmir. Üstəlik də meydançada baş verənləri 11 deyil, 10 nəfər mühafizə etməlidir. Tam heyətlə oynayarkən özünü yaxşı tərəfdən göstərməyi bacaran Lavalın da artıq dili ağzından çıxmışdı. Haramiz isə hələ də ansambla uyğunlaşa bilmir. Doğma mövqeyində oynadılmayan futbolçu indiki durumda komandasına istənilən faydanı verə bilmir.

Bütün bu qeydlərə baxmayaraq, “Neftçi” sensasiyaya imza ata bilər. Təmsilçimizin qapısı ağzında bir qol epizodu belə yarada bilməyən Yunanıstan çempionunun qələbəsinə kölgə salmaq niyyəti güdmürük. “Olimpiakos”un aparıcı simalarından olan Papastapulos, Əl-Arabi və Mvilanın zədəyə görə oynamadığını da nəzərə alırıq. Ancaq vallah-billah, “Olimpiakos” bəlkə də 100 dəfədən 99-da “Neftçi”dən üstün ola bilsə də, qalan o 1 görüş paytaxtımızda 1 həftə sonra baş tuta bilər. Samir Abasov da mətbuat konfransında dərhal üzünü komandasının azarkeşlərinə tutaraq Bakıdakı oyunda möhtəşəm dəstək istədi. Biz dəfələrlə bunun şahidi olmuşuq ki, təmsilçilərimizin qanadlandıran heç də energetik içki deyil, məhz dəli tribunalarımız olub. İndi də “Neftçi” qanad istəyir. Çünki süst tribunalar önündə sensasiyanı reallaşdırmaq demək olar ki, mümkünsüz görünür.

Yazı başa çatır. Təqribən 1 saat sonra hava gəmisi bizi doğma Bakımıza endirəcək. “Neftçi” Afinanı şoka sala bilmədi, amma üzümüzü də qara etmədi. Ancaq şans var. Şans var ki, 1 həftə sonra “ağ-qaralar” Zevsi Olimp dağından endirib, Afinanı ağlar qoysun.

CEYHUN ƏLİYEV, Afina-İstanbul-Bakı