Misli Premyer Liqasının XV turu lider “Qarabağ”ın ardıcıl ikinci turda büdrəməsi, ən yaxın izləyicisi “Sabah”ın isə bundan maksimum yararlanması ilə yadda qaldı. Həmçinin “Neftçi” də turu itkisiz başa vuraraq, həm 3-cü pillədəki mövqeyini möhkəmlətdi, həm də prinsipial Azərbaycan derbisi öncəsi yüksək motivasiya yaxaladı. Baş tutan 5 görüşdən 3-də heç-heçə qeydə alındı və autsayder “Sumqayıt” bu dəfə də qələbə üzünə həsrət qaldı.

Turu dəyərləndirmək üçün veteran futbolçu Aftandil Hacıyevlə əlaqə saxladıq. 41 yaşlı PRO kateqoriyalı mütəxəssis Sport24.az-a müsahibəsində komandaların çıxışına öz münasibətini bildirdi.

- Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra Premyer Liqanın 15-ci turunun ilk oyununda “Neftçi” öz meydanında “Səbail”i 3:1 hesabı ilə məğlub etdi. “Ağ-qaralar” o qədər yaxşı keçirmədiyi görüşdə nəyin hesabına 3 xalı aktivinə yazdıra bildi?

- “Səbail” matça fərqli sistemlə başladı. “Neftçi” üçün bu sürpriz olsa da, bu komanda birinci hissədə oyuna diqtə edən tərəf idi. “Neftçi” 50-55 dəqiqəlik üstün oyunla vurduğu 2 qol sayəsində qələbə qazandı. Ümumilikdə ikinci hissədə meydan sahiblərində anlaşılmazlıqlar baş verdi. Solomon Kverkveliyanın əvəzlənməsi, Azər Salahlının müdafiənin mərkəzinə çəkilməsinə səbəb oldu. Azər və Eddi İsrafilov zədədən sonra start heyətində yer almışdılar. Bu səbəbdən ikinci hissənin ortalarında “Neftçi”nin fiziki performansında eniş yaşandı. Həmin vaxt “Səbail” üstünlüyü ələ keçirdi, iki top fərqilə məğlub durumda olsa da, geridönüş edə bilərdi. Ümumilikdə “Neftçi”nin ikinci hissədə nisbətən aşağı səviyyədə çıxışı zədəli oyunçuların çoxluğu və meydandakı yerdəyişmələrlə bağlı oldu. Rəqibin də sistemi dəyişdi, öyrəşdikləri sxemə qayıtdılar. Bu üzdən irəlidə çoxalmağı bacardılar. Emin Mahmudovun da bu oyunda lider keyfiyyətləri üzə çıxdı. Hansı ki, o, “Neftçi” lider xüsusiyyətlərinə malik azsaylı oyunçulardan biridir. “Qarabağ”la qarşılaşma öncəsi bu qalibiyyət motivasiya, psixoloji hazırlıq baxımından yerinə düşdü.

- Aşağı pillələrdə qərarlaşan “Şamaxı” ilə “Kəpəz” arasındakı oyunda qeydə alınan 1:1 hesabını ədalətli nəticə saymaq olar?

- Hər iki komandanın son matçlarında inkişaf hiss olunur. Bu, nəticəyə də öz təsirini göstərir. Yüksəlişdə olan komandaların dueli maraqla gözlənilirdi. Görüşün gedişində gah bu, gah da digər komanda üstünlüyü ələ keçirirdi. İlk yarıda “Kəpəz” daha yaxşı görünürdü. “Şamaxı” yalnız fasilə ərəfəsində özünə gəldi və ikinci hissəni daha fəal keçirdi. Hər iki klubun hücum xəttində problemlər yaşadığını sezmək olardı. Baş məşqçilərin də dəyişikliklər, hücumu gücləndirmək üçün kifayət qədər ehtiyat qüvvəsi yoxdur. Ümumilikdə əzmkar mübarizə izlədik və komandalar vacib xal qazandılar. Xüsusən də, “Şamaxı” bütünlüklə yerlilərdən təşkil olunduğundan, qazanılan hər xal onlar üçün önəmli sayılır. “Kəpəz”də isə Tərlan Əhmədovun gəlişindən sonra nisbətən irəliləyiş hiss olunur.

- “Qarabağ”ın futbolçularının çoxunun milli komandalardan dönməsinin “Zirə” ilə qolsuz bərabərə qalmasında nə kimi təsiri oldu?

- “Qarabağ” hər zaman millinin toplanışından sonrakı ilk çempionat oyununda çətinliklə üzləşir. Çünki onlardan azı 6-7 oyunçu həmişə yığmaya çağırılır. U-21-ə də dəvəti saysaq, bu say çoxalır. Bu görüşdə qazanılan 1 xalı daha çox “Zirə”nin aktivinə yazmaq olar. Görünür, Rəşad Sadıqov 1:7 hesabı ilə məğlub olduqları birinci dövrədəki oyunu daha yaxşı təhlil etmiş və futbolçuları düzgün motivasiya etmişdi. Motivasiya və doğru taktika ilə oyunçularını ən azı 1 xala inandırmışdı. Oyunda da bunu hiss etmək olurdu. “Qarabağ” görüşə diqtə edən tərəf olsa da, “Zirə” daha az səhvlə yadda qalırdı. İlk oyunla müqayisədə meydanda daha etibarlı “Zirə” gördük. Sanki “Qarabağ”dan xal almağa borcludurlar kimi mübarizə apardılar.

- “Qarabağ”ın büdrədiyi turda “Turan Tovuz”la ağır səfərdə 1:0 hesablı qələbəni “Sabah” üçün 6 xala bərabər saymaq olar?

- “Qarabağ”ın xal itkisindən “Sabah” həvəslənmişdi, meydanda daha istəkli idi. “Turan Tovuz”la oyun çempionatın ən ağır səfəridir. Baş məşqçi amili və “Turan Tovuz”un sərgilədiyi oyun üslubu rəqiblərin işini çox çətinləşdirir. Bu qarşılaşmada isə itkilər ev sahiblərinə maksimum güclə oynamaq imkanı vermədi. Buna Henri Okebuqvunun ilk dəqiqələrdən zədələnərək əvəzlənməsini də əlavə etmək olar. Bəzi oyunçular da ağrılarla meydana çıxmışdılar. Belə komandalarda bir itkinin belə, yerini doldurmaq çətindir. Onu da vurğulamaq lazımdır ki, “Sabah” ikinci hissəni daha fəal keçirdi. Görüşün ən aktiv oyunçusu olan Aleksey Kaşukun fərdi keyfiyyəti hesabına bakılılar səfərdən qalib döndü. Bu komanda oyununu getdikcə daha da inkişaf etdirir. Hər matçda meydana maksimum nəticə qazanmaq üçün səfərbər olurlar. İstənilən komanda Tovuzdan 3 xalla dönmək üçün hədsiz dərəcədə çox güc sərf eləməlidir ki, “Sabah” bunu bacardı. Hətta düşünürəm ki, qış fasiləsinə kimi “Sabah” “Qarabağ”la aradakı xal fərqini aradan qaldıra bilər.

- “Sumqayıt” yenə qələbə üzü görmədisə, “Qəbələ” 4-cü pillədəki “Zirə”yə çatmaq şansını əldən verdi. Bu matçdakı 1:1 hesabı hansı komandanın xeyrinədir?

- Bu görüşdə qələbə qazanmaq “Qəbələ” üçün daha önəmli idi. “Sumqayıt” da qələbəsizlik seriyasını qırmaq istəyirdi. Amma hələ də bunu reallaşdıra bilməyiblər. Samir Abasovun dediyi kimi, qış kimi səbirli olmalıdırlar. Hesab edirəm ki, 1 xal “Sumqayıt”ın xeyrinədir. Görünür indiki halda komandanın potensialı qələbə üçün kifayət etmir. Yəqin ki, qışda güclənmələrinə ehtiyac olacaq. “Sumqayıt” axırıncı pillədən qurtulmaq üçün ilin son üç turunun ən azı ikisində qalib gəlməlidir. Ümumilikdə oyun planında “Sumqayıt” pis görünmədi, əvvəlki matçlarla müqayisədə daha istəkli idi. Bir qədər baxımlı mübarizə alındı. Hiss olunurdu ki, “Sumqayıt” futbolçuları əvvəlki turlarla müqayisədə meydanda daha diqqətli və cəsarətli idilər. “Qəbələ” də daim açıq futbol təklif edən komandadır. Buna görə də hər iki komanda hücum planında maraqlı göründü. Fikrimcə, 1:1 hesabı da ədalətli nəticə oldu.

- Artıq sabah 16-cı tura start veriləcək və Azərbaycan derbisində “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Bu matçdan nə gözləyirsiniz?

- “Qarabağ”ın zədəlilərlə bağlı ciddi problemləri var. Marko Veşoviç və Marko Yankoviç kimi əsas heyət üzvləri yoxdur. “Neftçi”nin zədəliləri “Səbail”lə görüşdə meydana çıxmışdılar. Bu baxımdan “Qarabağ”dan daha hazırlıqlı görünürlər. “Qarabağ” belə derbilərdə hər zaman toparlanmağı bacarır. Xüsusən də, “Neftçi” üçün çox vacib oyundur. “Qarabağ”ın indiki durumundan yararlanaraq xal fərqini azaltmaq baxımından yaxşı imkan yaxalayıblar. “Neftçi” “Bakcell Arena”da daha fərqli oynayır, rəqiblərə başağrısı olur. Görüşün taleyini bir səhv həll edə bilər. Bu cür matçlarda ən çox diqqətli olan tərəf qələbə qazanır. Hər iki komanda qələbə qazanmaq üçün çox güc sərf etməli olacaq.

 

 

KAMAL RZA