Paris Apellyasiya Məhkəməsi "Real"ın hücumçusu Kilian Mbappenin Paris klubunun bank hesablarının dondurulması ilə əlaqədar PSJ-yə 60 000 avro məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Fransalı hücumçu 2024-cü ilin avqustunda klubdan ayrıldıqdan sonra qarşı tərəfdən ödənilməmiş əməkhaqqı və bonuslar şəklində 60 milyon avrodan çox vəsait tələb edib. Futbolçu məsələni əmək mübahisələri üzrə məhkəməyə çıxarıb. Onun nümayəndələri həmçinin PSJ-nin hesablarındakı 55 milyon avro vəsaitin müvəqqəti dondurulmasına nail olublar.
Məhz aktivlərin bu cür ehtiyat tədbiri olaraq dondurulması Paris Apellyasiya Məhkəməsindəki iclasın əsas müzakirə mövzusuna çevrilib. PSJ iddia edirdi ki, həmin tədbir "idman təşkilatları qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməməsi riski yaradıb. Bu isə FİFA tərəfindən yeni oyunçuların qeydiyyatına qadağa qoyulması da daxil olmaqla, müxtəlif intizam sanksiyalarının tətbiqinə səbəb ola bilərdi.
Məhkəmə mövcud halları və baş vermiş hadisələri nəzərə alaraq, klubun vəsaitlərinin dondurulduğu 45 günlük dövr üçün Mbappenin PSJ-yə 60 min avro məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb.