Misli Premyer Liqasının ilk beş turu maraqlı azarkeş statistikası ilə yadda qalıb. Sport24.az baş tutmuş oyunlardakı tamaşaçı sayı ilə bağlı araşdırma aparıb.
Belə ki, ilk 5 turda keçirilməsi planlaşdırılan 30 oyunun 2-si təxirə salınıb. II turun "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" matçları daha sonra keçirilmək üçün ertələnib.
Baş tutan 28 görüşün 3-ü Gəncədə, yeni istifadəyə verilmiş stadionda təşkil olunub. Statistikaya xüsusi maraq qatan məqam da məhz bu oyunlarda qeydə alınan azarkeş sayıdır.
Belə ki, həmin 3 qarşılaşmada tribunalara ümumilikdə 39 500 azarkeş gəlib. Bu, üç oyuna orta hesabla 13 167 tamaşaçı deməkdir.
Yerdə qalan 25 görüşdə isə stadionlara ümumilikdə 35 929 tərəfdar üz tutub. Başqa sözlə, Gəncədə keçirilən cəmi 3 oyunda qeydə alınan azarkeş sayı digər 25 matçın ümumi göstəricisini üstələyib.
Bu rəqəmlər "Kəpəz" azarkeşlərinin yeni stadionda komandanın oyunlarına göstərdiyi böyük marağı da açıq şəkildə ortaya qoyur.