“Kəpəz”in veteran futbolçusu Firuz Qulami sosial şəbəkədə klubun İdarə Heyətinin sədri İlqar Nadirinin ünvanına mənimsəmə ilə bağlı ittihamlar səsləndirib. Məsələ ilə bağlı saytımıza açıqlama verən İlqar bəy isə “əllərində fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər” cavabını verib. Maraqlıdı, yazdıqları ilə bağlı Qulaminin əlində hansısa fakt, sübut var? Bu suala cavab tapmaq üçün onunla əlaqə saxladıq. Veteran futbolçu Sport24.az-a müsahibəsində heç nədən çəkinmədiyini, istənilən vaxt hər şeyi sübut edə biləcəyini bildirib.
- Firuz bəy, “Kəpəz”in İdarə Heyətinin sədrinin ünvanına yetərincə ciddi ittihamlar səsləndirmisiz. Bununla bağlı fikirlərinizi öyrənmək istəyirik.
- Keçən il dəfələrlə İlqar Nadiriyə “uşaqlara forma olacaq?” sualını vermişəm. Hər dəfə də “bu gün olacaq, pulunu vermişik, gətirəcəklər” söyləyərək, konkret cavab vermirdi. Çempionatın sonuna kimi məsələ uzandı. Oyun dəsti və idman geyimi istisna, nə idman ayaqqabısı, nə gödəkçə, nə də çanta alınıb. Dövlətimiz pul ayırdığı halda Nadiri uşaqlara bunları niyə almır? Formalara 63 min manat pul verdiyini bildirdi. Ancaq mən hələ də bilmirəm ki, həmin vəsaiti nəyə verib? 200 ədəd idman geyiminə və bir o qədər də oyun dəstinə bu qədər pul xərcləmək olar?
- İlqar bəy saytımıza açıqlamasında “əlində yeyinti ilə bağlı fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət etsin” deyə bildirib...
- Heç yerə müraciət edəsi deyiləm. Mən bu söhbəti rəhbərlikdə təmsil olunanların hamısına demişəm.
- Yenə deyirəm, çox ciddi ittihamlar irəli sürürsüz. İlqar bəy sizi işgüzar nüfuzuna zərər vurduğunuza görə, məhkəməyə versə necə olacaq?
- Hazıram, yazdıqlarıma görə, məni məhkəməyə versin.
- Əlinizdə mənimsəmə ilə bağlı fakt var?
- Nə fakt? Fakt odu ki, uşağa nə gödəkçə, nə idman ayaqqabısı, nə də adını çəkdiyim başqa ləvazimatlar verilib. Gəlsinlər, bütün yaş qruplarından öyrənsinlər.
- Firuz bəy, çox maraqlıdı, bütün qeyd etdiklərinizi niyə ötən mövsüm klubda işləyən dönəmdə ictimailəşdirmirdiniz?
- İşləyəndə də demişəm. Məhz klubda işlədiyim dönəmdə İdarə Heyətinin istefa verməli olduğunu yazmışam. Dövlət ötən il “Kəpəz”ə 3 milyon 200 min manat pul ayırmışdı. O vəsaitdən uşaqlara da geyim alınmalı idi. Akademiyada məşq edənlər arasında şəhid və qazi uşaqları var. Onların ataları bizdən ötrü canlarını fəda edib. Niyə onların övladları o biri klubların aşağı yaş qruplarına baxıb pis olmalıdı?
RƏŞAD QASIMOV