FİFA-nın Mübahisələrin Həlli Palatası "Kəpəz" klubunun müraciətini araşdırır. Bu barədə Sport24.az-a açıqlamasında Gəncə təmsilçisinin Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov məlumat verib.

Klub rəsmisi bildirib ki, "Kəpəz"in sabiq futbolçusu Cefferson Bentu ilə bağlı məsələ hazırda FİFA-da hüquqi baxımdan araşdırılır və proses davam edir.

"Cefferson Bentu ilə bağlı məsələ hazırda FİFA-nın Mübahisələrin Həlli Palatasının icraatındadır. Biz qərarın verilməsini gözləyirik", – deyə Qiyasov vurğulayıb.

Qeyd edək ki, Cefferson Bentu 2025/2026 mövsümünün əvvəlində Portuqaliyanın "Portimonense" klubundan icarə əsasında "Kəpəz"ə keçmişdi. Braziliyalı futbolçu qış fasiləsində vətəninə yollansa da, daha sonra komandaya qayıtmayıb. Bundan sonra Gəncə təmsilçisi məsələ ilə bağlı FİFA-ya rəsmi müraciət edib.