Avropa Liqasında sabah keçiriləcək "Qarabağ" – "Ayaks" oyunundan öncə qonaq komandanın baş məşqçisi Françesko Farioli jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

– Oyunöncəsi məşqi nə üçün "Neftçi Arena"da etdiniz? 

– Planımız belə idi. Diqqəti çəkmək yox, sərbəst olmağı xoşlayırıq. 

 

– Oyundan gözləntiləriniz nədir?

– "Qarabağ" güclü komandadır, çoxlu titulları var. Onları təhlil etmişəm. Daha əvvəl Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Heyətdə itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.

 

– "Qarabağ"ın heyətində ən çox nədən ehtiyat edirsiz?

– Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları "Bayer"lə oyunu diqqətə çatdırardım.

 

– Sabah hansı nəticəni gözləyirsiniz?

– "Qarabağ"ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.

 

– Mental olaraq məğlubiyyətə hazırsınız?

– Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.

 

– Bakıya "Ayaks"ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?

– Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.