Elxan Səmədovun təyinatından ötən günlər ərzində geniş auditoriyaya tanıtmaq üçün göstərdiyimiz cəhdlər nəhayət ki, bəhrəsini verdi. Virtual yox, tet-a-tet ilk müsahibəsini Sport24.az-a verən Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti olduqca maraqlı məqamlara toxundu, bir sıra məsələlərdə isə gözlədiyimizdən də səmimi cavablarla seçildi.
"Ermənilərə Antalyada da qalib gəldik, Batumidə də, təəssüf ki..."
- Siz ən azı media üçün tanış olan sima deyilsiniz. Rəsmi tərəfi kənara qoysaq, futbola bağlılığınızı necə təqdim edə bilərsiniz?
- Futbolu uşaqlıqdan oynayıram, demək olar 5 yaşımdan. Hələ mini-futbol çempionatı rəsmən başlamayanda, Murad müəllim (futzal üzrə sabiq FİFA referisi Murad Məmmədov nəzərdə tutulur-müəllif.) turnirlər keçirəndə orda oynayırdıq. Mən sizə deyirəm 1993-94-cü illəri. Yadımdadı, onda hələ Ələkbər Məmmədovun xatirəsinə turnir vardı. Orda çıxış etdik və turnirin qalibi olduq. Yəni, belə turnirlər idi, rəsmi ölkə çempionatı yox idi hələ. Sonra bu, olanda futzalda həm yüksək, həm də I liqada iştirak etdik. Hətta çimərlik futbolunda da oynadıq və təbii ki, böyük futbol, mini-futbol. Bir sözlə, futbolun bütün növlərində oynamışıq (gülür). Sadəcə, heç vaxt işıqlandırılmayıb. Misal üçün Antalyada "Comedy Club" turnirinin qalibi olduq. Bilirsiniz ki, bu ermənilərin Rusiyadakı layihəsidir. Ancaq biz onları məğlub etdik, bu heç bir yerdə işıqlandırılmadı - nə daxili, nə də dünya mediasında. Hərçənd, bu, əlamətdar olay, ənənəvi Kubok idi. Sonra Batumidə çimərlik futbolunda erməniləri üstələdik. Təəssüf ki, bu da işıqlandırılmadı.
- Yəqin, bu, 90-cı illərin sonu olar....
- Yox, bundan sonrakı illər. Batumidə 2010-cu il idi, Antalyadakı isə səhv etmirəmsə, 2012. Hardasa yaxın keçmişlərdi. Çimərlik futbolunda Azərbaycan Kubokunun finalında oynamışıq, 3 il əvvəl isə futzal üzrə ölkə Kubokunun finalında. Bir sözlə, futbola uzun illərdən bağlıyam.
"Bu, uşaq futbolunun inkişafı üşün atılmalı olan ən ilk addımdı"
- Bir il AFFA-da uşaq futboluna rəhbəlik etmisiniz. Bizdə də bu sahə çox bərbaddı, görünən odur ki, klublar bu yöndə iş qura bilmirlər. Uşaq futbolu yönündə hansısa addımlar atmaq planlaşdırılır, yoxsa bu, PFL-in səlahətiyyətində deyil? Hətta belədirsə, bu sahədə işlər necə qurulmalıdı?
- Bu, həqiqətən səlahiyyətimizdə olmayan məsələdi. Amma öz baxışımı götürsək ki, necə görürəm, hər şeyə sıfırdan başlamaq lazımdı - müxtəlif regionlarda akademiyaların qurulmasıyla. Bunun sayı minimum 4-5 olmalıdı. Özü də sadəcə, uşaq futbol akademiyası yox, daha çox uşaq internat məktəbi kimi. Yəni, uşaqlar orda da oxumalı, orda da məşq etməlidirlər. Fikrimcə, bu, uşaq futbolunun inkişafı üşün atılmalı olan ən ilk addımdı.
- "Qəbələ"də akademiya var, "Bakı"nın da akademiyası vardı, hansından ki, indiyədək üzüntüylə danışırlar. Amma gəlin baxaq, həmin "Bakı"nın ən yaxşı yetirməsi Mahir Emreli Zaqreb "Dinamo"sunda ehtiyatda oturur, "Qəbələ"nin ən yaxşısı Bəhlul Mustafazadə isə meydanda necə deyərlər, əsir. Bunlar ən yaxşıdırsa, deməli, bizdə akademiyalar heç bir ciddi fayda gətirməyib...
- Ümumilikdə götürsək, hazırda Premyer Liqamızda çox futbolçu var ki, onlar məhz "Qəbələ" akademiyasının yetirmələridi. Yəni, hansısa nəticə olub. Amma təbii ki, bu, yekun nəticə deyil. Hansısa bir mərhələdə inkişaf dayanıb. Bu məqamı da nəzərə almalıyıq ki, istedadları 18-19 yaşında itirməyək. Yəni, iş təkcə akademiya ilə kifayətlənməməlidi.
- Hesab edirsiniz ki, akademia işini konveyer kimi davam etdirsəydi, keyfiyyət də artacaqdı?
- Fikrimcə, bəli. Çünki həmin "Qəbələ"də akademiyada müəyyən problemlər var. Belə başa düşürəm ki, maliyyə ilə bağlı belə vəziyyət yaranıb. Onların elə maddi imkanları yoxdu ki, bu yöndə işlərini davam etdirsinlər. Amma fikrimcə, gələcəkdə bu məsələni birgə səylərimizlə həll edərik.
"Sizi əmin edirəm ki, qarşıdakı 1 ayda mətbuat xidmətinin rəhbəri məsələsi bağlanacaq"
- Ayağınız yaman düşərli oldu - PFL 3 ildən sonra yeni sponsor tapdı. Bəs, bundan sonra hansı belə xoş sürpizləri gözləyək?
- Fikrimcə, davamı olacaq.
- Yaxın perspektivdə, yoxsa..?
- Düşünürəm ki, bu il üçün hansısa sponsor paketləri olacaq. Bu da dərəcələr üzrə olacaq - qızıl sponsor, gümüş sponsor və s. Amma PFL-in populyarlaşdırılmasıyla bağlı əsas işi gələn ilə nəzərdə tutmuşuq. Yəni, bunu brend olaraq gələn ilədək hazırlayaq.
- PFL-də struktur dəyişikliyi olacağı vurğulanmışdı. Hələ ki bu, yalnız vitse-prezidenti təyin olunan Aslan Şahgəldiyevdən ibarətdi. Turlar ötür, biz heç mətbuat xidməti rəhbəri vəzifəsinə təyinatını görmürük. Bu postun kimin tutacağınız da bizə eklslüziv deyə bilməsziniz?
- Hal-hazırda yox. Buna görə konkret danışmaq istəməzdim. Amma sizi əmin edirəm ki, qarşıdakı 1 ayda bu məsələ bağlanacaq.
"Tam olaraq bu mövzuya əsaslanmasam da, ümumi deməliyəm ki, özündə üzr istəmək keyfiyyətin olmalıdı"
- İdman mediası barədə fikirləriniz çox maraqlıdı. Yəqin, KİV-i izləyirsiniz. Razı salır?
- Açığı, tam yox. Elə KİV var ki, həqiqətən işləyir, eləsi də var ki, sadəcə, piar dalınca qaçır. Medianın işinin mənası baş verənləri işıqlandırmaqdırsa - qoy, bu, tənqid olsun, bu, normaldı, olmalıdı - bu, mətbuatdı. Onlar həqiqətləri obyektiv əks etdirirlər.
- Sizcə, idman mediamızda işini bilənlər varmı?
- Əlbəttə!
- Bu sahə sizi razı salırsa, bir klub rəsmisinin ("Şamaxı"nın İdarə Heyətinin üzvü Orxan Fikrətoğlu-müəllif) idman jurnalistikasında heç bir ixtisaslaşmış kadrın olmadığı deməsini, onları "cibdə oturan" adlandırmasını necə qarşılayırsınız?
- Həmin personanı klubun fikrinə bağlamazdım. Düşünmrəm ki, "Şamaxı"da da belə düşünürlər.
- O, rəsmi klub nümayəndəsidi...
- Bəli, amma o, daha çox öz fikrini ifadə edib. Yəqin, həmin anda nəyəsə məyus olub. Amma bunu iddia etmək ki, peşəkar idman mediası yoxdu, bu, doğru deyil. Hər bir peşədə - təkcə jurnalistikanı götürmürəm - demək ki, bizdə həkim, müəllim yoxdu, bu, doğru, etik, peşəkar deyil. Hər bir sahədə peşəkarlar var.
- Ona diqqət yetiririk ki, həkim haqda demək olar, bu, o qədər təhlükəli deyil. Amma məsələ ondadı ki, sən təmsil etdiyin idarə heyətində yer aldığın qurum haqda yazan insanlara çamur atırsan, yazan insanlar haqda danışırsan. Axı, bu, oturduğun ağacı kəsməkdi...
- Təəssüf ki, həmin anda insan dediyim kimi, hansısa şeyə görə məyusluq yaşayıb.
- Sizcə, həmin şəxs dedikərinə görə üzr istəməlidi, yoxsa sadəcə, bunu unutmalıyıq?
- Fikrimcə, istənilən məsələ nəyləsə əsaslanmalıdı. O sübut gətirə bilər ki, ətrafdakı bütün jurnalistlər bunu edir - onda, bəli, bu fikir əsaslanmış sayılır. Yox, belə deyilsə, heç kim haqqında bu tip fikir səsləndirmək olmaz. Tam olaraq bu mövzuya əsaslanmasam da, ümumi deməliyəm ki, özündə üzr istəmək keyfiyyətin olmalıdı.
"Sponsorların bizə təqdim etdiyi maddi resurslar hesabına "Qəbələ" akademiyası fəaliyyətini davam etdirə biləcək"
- Qəbələdə səfərdə olduğunuz müddətdə klub prezidenti Fariz Nəcəfovla görüşümüsüz. Maraqlıdı, nələr müzakirə olunub?
- Bəlİ, məhz akademiya mövzusu maraqlı idi. Uşaq futbolunu müzakirə elədik ki, necə edə bilərik akademiya işlərini daha yaxşı davam etdirə bilsin.
- Və belə başa düşdük ki, hansısa pozitiv qərara gəldiniz?
- Fikrimcə, bəli. Sponsorların bizə təqdim etdiyi maddi resurslar hesabına "Qəbələ" akademiyası fəaliyyətini davam etdirə biləcək. Həmçinin bunu digər klublarda başlamaq olar.
- Bildiyimiz qədərilə başqa klub rəhbərləri ilə də ayrıca görüşləriniz nəzərdə tutulub. Ümumi müzakirə mövzusu nə olacaq?
- Ümumilikdə bizi düşündürən odur ki, onlar futbolun inkişafını necə görürlər, PFL-dən nə gözləyirlər, nəyi gözləyirlər ki, futbolun vəziyyəti yaxşılaşdırılsın. Bir sözlə, biz hamımız onu istəyirik ki, bizdə futbol olsun, inkişaf eləsin. Bu yöndə klubların fikirləri bizim üçün çox vacibdi. Başqa sözlə, belə görüşlər PFL ilə klublar arasında kommunikasiya yaradır.
"Prinsipcə, belə baxsaq, VAR-a baxmağa elə də çox vaxt getmir"
- Aydın məsələdi ki, zamanla VAR-a baxmaq vaxtı azalacaq. Amma hazırda bir sıra klublarımız uzanan vaxtdan gileylənir. Həmin zamanı qısaltmağın bir düsturu, vaksini varmı?
- Prinsipcə, belə baxsaq, elə də çox vaxt getmir. Belə müqayisə aparsaq ki, aut, künc zərbəsi olanda, yaxud futbolçu meydanda yıxılıb tibbi yardım alanda da vaxt gedir.
- Bir, az vaxt itkisidi, amma VAR-la bağlı bundan çox olur...
- Adama elə gəlir ki, az vaxtdı dediklərim. Amma bunları riyazi cəhətdən hesablayıb, statistikasını aparanda görürsən ki, bu, VAR-dan çox vaxt aparır. Yekun nəticəyə baxmaq lazımdı. Məsələn, "Zirə" - "Sumqayıt" matçı bunu təsdiqlədi. Orda VAR-a 7 dəqiqə vaxt getdi, amma buna dəyərdi. Çünki qərar vacib idi hər iki klub üçün.
"Ona qarşıyam ki, limit olmasın, komandalar bütünluklə legionerlərdən ibarət olsun"
- Bu kabinetdə sələfiniz Ramin Musayevlə çox dartışmışıq legioner limiti ilə bağlı. Əminliklə deyirdim ki, limit, ümumiyyətlə, ləvğ olunmalıdı, eləcə də 21 yaş limiti. Aslan Şahgəldiyev buna canlı şahiddi. 21 yaş limiti ləvğ olundu, legioner limiti isə "6+5"-dən "7+4"-ə dəyişdirildi. Hazırkı legioner limiti sizi nə dərəcədə qane edir? Ümumiyyətlə, çempionatımızın səviyyəsini qalxması, avarokuboklarda daha yaxşı iştirak naminə onun ləğvini nə dərəcədə məqbul sayırsınız?
- Şəxsi fikrim belədi ki, limit olmalıdı. Hal-hazırda olan legionerlərə 7 limiti normaldı. Ona qarşıyam ki, limit olmasın, komandalar bütünluklə legionerlərdən ibarət olsun. Bu, yerli futbolçulara mənfi təsir göstərəcək.
- Çempionatımız yeni başlasa da, klublar arasında böyük uçurum görünür. Misal gətirək "Kəpəz"i. Bunun belə olacağı gözlənilən idi, əvvəllər dəfələrlə yazmışıq. Sayı süni artırmaqda məqsəd nədi?
- Say birmanlı artırılmalıdı. Amma kəmiyyət yox, keyfiyyət hesabına. Klubu Premyer Liqaya qəbul edəndə, təkcə əsas komandanı yox, infrastukturu də nəzərə almalıyıq. Bundan əlavə, uşaq-gənclər futbol məktəbində işləri necə görüblər. Bir sözlə, hansısa komandanı imic xatirinə götürməyi səhv addım hesab edirəm.
- Fikrinizcə, 4 yerli futbolçu meydanda olmalıdı. Bu o deməkdi ki, 4-ü də ehtiyatda olmalı. Onları hardan götürək?
- Vacib deyil ki, 7 legioner oynasın. Bu, 5 də ola bilər.
- 4 yerli futbolçu deyirəm ki, tapa bilmirlər klublar. Bundan artığı hardan olsun?
- Hesab edirəm ki, hazırkı vəziyyət rəqabət yaradacaq. Yəni, əvvəl yerli futbolçular bilirdilər ki, istənilən halda, meydana çıxacaqlar, mütləq aralarında 21 yaş olacaq, bu, onları bir az arxayınlaşdırırdı. Amma indi başa düşürlər ki, limit başqa olduğundan əsas heyətə düşə bilməyəcəklər və bu üzdən üzərlərində işləyəcəklər. Bu, məcburən addımdı ki, səviyyə qalxmalıdı.
- Belə çıxır ki, indi Premyer Liqada 80 yerli futbolçu olmalıdı - 40-ı əsas heyətdə, 40-ı də ehtiyatda. 21 yaş limitini yox, ümumiyyətlə, yerli futbolçunu nəzərdə tuturam ki, yoxdu. Olanlar yumşaq desək, futbolçu deyillər. Sabah 12 komanda olsa, bu say 100-ə yüksələcək. Hardan tapaq bu qədər yerli futbolçunu?
- Baxın, 7 legioner əsas heyətdə oynayır və orta hesabla daha 2-3-ü də var klublarda. Ümumilikdə hardasa 10-12 legioner deməkdi. Yerli futbolçuların səviyyəsi istər-istəməz qalxacaq. Bilirsiniz ki, güclü rəqiblə oynayanda həmişə səviyyə qalxır.
- Mən də bunu istəyirəm, lakin ildən-ilə görürəm ki, heç bir səviyyə qalxmır...
- Burda qayıdırıq yenidən uşaq futbolundakı işə. Həmişə kadrların yetişməsi olmalıdı. 19-21 yaşlı futbolçular yavaş-yavaş müəyyənləşməli və əsas komandada heyətdə meydanda çıxmalıdırlar.
"Biz - PFL tərəfdən KİV-ə hansısa pozitiv məqamlar olacaq"
- Ramin Musayev vaxtilə media turları təşkil edib. Lakin bu, yalnız qışda olurdu - Antalyaya. Sonra sponsor itdi və bu dövrdə PFL bu cür yükün altına girməkdə çətinlik çəkdi. Digər sahələrdə müqayisədə medianın ən kasıb zümrəsi olan idman sahısində çalışan KİV-lər PFL tərəfindən hansı əlamətdar dəstək görəcək?
- Fikrimcə, pozitiv məqamlar olacaq. Amma indi konkret sizə açıqlaya bilmərəm. Bir daha deyirəm ki, biz - PFL tərəfdən hansısa pozitiv məqamlar olacaq. Proqramlar olacaq ki, hazırda üzərində işləyirik. Bu, sırf KİV-lə bağlı olacaq.
- Yenə "qara qutu"du.
- Düşünürəm ki, çox qalmayıb gözləməyə. Yaxın vaxtlarda bu haqda elan verəcəyik.
- Başqa sözlə, bu, mətbuat katibi təyinatından əvvəl olacaq?
- Fikrimcə, bunlar təxminən eyni vaxtda olacaq - sentyabrda.
"Onu təkid edə bilmərik klublara ki, kimi hansı səfərlərə aparmalıdırlar"
- Bu yaxında subyektiv fikrimi ifadə etdim ki, mətbuat "Qarabağ"ın tarixi matçında iştirak etməyəcək - Çexiyada "Viktoriya"yla cavab görüşündə. Maraqlıdı ki, PFL buna dəstək olacaqmı ki, misal üçün 3-5 jurnalist daim avrokubokların səfər matçlarında iştirak etsin? Söhbət ondan getmir ki, Məmməd səfərə çıxacaq, yoxsa Əhməd. Milliyə toxuna bilmərəm, çünki bu, AFFA-nın səlahiyyətindədi. PFL-in bu yöndə iş görəcək?
- İndi buna dəqiq cavab verə bilmərəm. Bildiyiniz kimi, biz də sponsor pulları hesabına fəaliyyət göstəririk. Büdcə PFL-in ehtyacları hesabına qurulub ki, burda həmin məqamlar nəzərə alınmayıb. Bu da əvvəl dediyim paket məsləsinə daxildi ki, hazırda öz strukturumuzda KİV-lə necə işləyəcəyimizi müzakirə edirik. İstənilən halda, fikirləşirəm ki, müsbət məqamlar olacaq.
- Onu nəzərdə tutmurdum ki, jurnalistlər PFL hesabına xarici ölkəyə uçsunlar. Bu, PFL tərəfindən klublara tövsiyə olunsun. Özü də sərt şəkildə ki, bu, Peşəkar Futbol Liqasıdı, peşəkar da işləmək lazımdı. Klublar da rəsmən peşəkardırlar, amma özlərini belə aparmırlar. Həmin "Qarabağ" deyir ki, ildə 1 dəfə hamını aparacam, şərti olaraq 100 jurnalisti. Sən mənə ildə 1 dəfə bu vakansiyanı verirsən, lap yaxşı. Amma seçim imkanını özəl ver. Çünki pley-off matçı ən vacibifi, qrup mərhələsi əhəmiyyətsizdi. Həmin qrupa düşsən, mənə Milan maraqlı deyil ki, gedim orda gəzim. Amma Çexiyadakı görüş tarixi qarşılaşmadı, Çempionlar Liqasına qrupa vəsiqənin həll olunur. Bunu bütün klublara yazılmamış qanun formasında etmək olarmı? Burda "Qarabağ"ı sadəcə, misal kimi göstərirəm...
- Təkidlə bunu tövsiyə edə bilmərik klublara. Sadəcə, ümumi tövsiyələr verə bilərik. Amma onu təkid edə bilmərik ki, kimi hansı səfərlərə aparmalıdırlar. Bu sırf klubun daxili işidi. Həmin 100 jurnalistdən 100-ü, heç olmasa 99-u məhz bu pley-off görüşünə getmək istəyərdi. Bəlkə kimsə həqiqətən Milana getmək istəyir (gülür). Fikrimcə, Plzendəki qarşılaşma mətbuat üçün çox əhəmiyyətlidi. Şəxsən mən özüm böyük məmnuniyyətlə getmək istərdim ki, komandamızı dəstəkləyim. Amma buna vaxtım yoxdu. O qədər iş var ki, indi səfərə yollanmaq alınmır.
CEYHUN ƏLİYEV