AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa Superliqası layihəsi və AVRO-2020-nin Bakıdakı oyunları barədə danışıb. Sport24.az xəbər verir ki, qurum rəsmisi "insideworldfootball.com" saytına açıqlamasında bu cür ideyanın futbol dəyərlərimizi məhv etdiyini bəyan edib: "UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır. Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik. AVRO-2020-nin Bakıda keçiriləcək oyunları isə tək bizim üçün deyil, bütün region üçün futbol bayramı olacaq. Düzdür, pandemiya planları bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı atmosfer qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar".
Məmmədov onu da vurğulayıb ki, 15 aylıq pandemiyadan sonra ən vacib mesaj geri normal həyata qayıtmağımızdı: "Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Bunlar Uels – İsveçrə (12 iyun, 17:00), Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunudur (3 iyul,. 20:00).