"Sumqayıt" ciddi itkiylə üzləşib. Komandanın baş məşqçisi Ayxan Abbasovun Sport24.az-a verdiyi məlumata görə, millimizin də üzvü olan hücumçusunun "Qarabağ"la Kubok matçında aldığı zədə ciddidi. 

Abbasovun sözlərinə görə, oyunsonrası penaltilər seriyasınadək uzanan həmin görüşdə ikinci hissədə əvəzlənən təcrübəli forvard üçün mövsümün vaxtından əvvəl başa çatması realdı: "Əlinin vəziyyəti bir az ağırdı - 3-4 həftəlik sıradan çıxıb. Futbolçu arxa əzələsini dartıb və finala yetişməsi ehtimalı çox azdı. Bu müddətdə müalicə keçəcək. Görək prosedur necə gedir. Hər halda, ağır zədədi".

Məlumdu ki, Əli zədə üzündən ikinci dövrəni demək olar boşa verməli oldu. Ancaq baş məşqçi futbolçunun köhnə zədəsini təzələmədiyini diqətimizə çatdırıb: "Bu, tam başqa hissədən alınan zədədi. Qurbani "Qarabağ"la matçda təkbətək çıxanda qapıya zərbə vurmamış, hələ qaçanda artıq arxa əzələsində problem yarandı". 

Qurbaninin yoxluğunu böyük itki hesab edən Abbasov futbolçularının finala çıxmasından sonra eyforiyada olmadığını bəyan edib: "Bilirik ki, çempionatda qalan 4 matç bizim üçün çox vacibdi. Çətin, nə qədər ağır, sıx qrafik olsa da, futbolçuları bərpa edərək uğurlu çıxış etməyə çalışacağıq".

Xatırladaq ki, "Sumqayıt" xalları bərabər olan "Zirə"ni şəxsi matçlardakı nəticələrə görə turnir cədvəlində qabaqlayaraq 3-cü pillədə qərarlaşıb. 

 

 

MEHMAN SÜLEYMANOV