Şahin Diniyev qış fasiləsində baş məşqçi postuna keçdiyi "Səbail"də ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XX turunda "Kəpəz"lə ev matçında 1:0 hesablı qələbəylə gerçəkləşib. 

57 yaşlı mütəxəssis yeni klubunda ilk qalibiyyətini 2-ci rəsmi matçında qazanıb. Belə ki, o, debütündə Şamaxıda eyniadlı kluba 1:2 hesabıyla yenilmişdi. 

Maraqlıdı ki, Diniyev Premyer Liqada axırıncı qələbəsi bu dəfə məyus etdiyi "Kəpəz"lə qazanmışdı. Bu, 2017/18 mövsümünün X turuna gedib çıxır. Onda - 2017-ci ilin oktyabrın 28-də gəncəlilər Diniyevin rəhbərliyi altında "Keşlə"ni (hazırkı "ŞamaxıI"nı) səfərdə 2:0 hesabıyla məğlub etmişdi. Göründüyü kimi, Diniyev 5 ildən, daha dəqiq desək, 1920 gündən sonra Premyer Liqada qələbə sevinci yaşayıb.

Təcrübəli mütəxəssis "Kəpəz"dən həmin qələbədən 2 tur sonra istefa verərək getmişdi və bu müddətdə AFFA Məşqçilər Komitəsinin üzvü idi. 

Onu da bildirək ki, Diniyev hazırkı çempionatda ən yaşlı baş məşqçidi.

 

 

MEHMAN SÜLEYMANOV