"ÇSKA Sofia"nın futbolçusu Anxelo Martino UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, bolqarıstanlı futbolçu bu barədə qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında danışıb.
Martino komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib:
"Komandada əhvali-ruhiyyə çox yaxşıdır. Qarşıda bizi böyük əhəmiyyət daşıyan bir oyun gözləyir. Hər matça olduğu kimi, bu görüşə də ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq".
Futbolçu məqsədlərinin meydanda öz oyunlarını göstərmək və klubu layiqincə təmsil etmək olduğunu qeyd edib:
"Güclü tərəflərimizdən maksimum istifadə edərək qələbə qazanmaq, komandamızı ən yaxşı şəkildə təmsil etmək istəyirik. Hər oyundan əvvəl olduğu kimi, bu qarşılaşmaya da ən yaxşı formada köklənməyə çalışırıq".
Qeyd edək ki, "ÇSKA Sofia" - "Qarabağ" qarşılaşması iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.