Şimal Regional Futbol Federasiyasının (ŞRFF) prezidenti Fəxrəddin Həsənovun Sport24.az saytına müsahibəsi

- Ötən ilin noyabrında qurumun prezidenti seçildiniz. Bu günədək hansı işləri görə bilmisiniz?
– Seçiləndən sonra bölgələrə səfər etmişəm. Orada məşqçilərlə danışmışıq. Nələri var, nələri yoxdur, onlarla maraqlanmışıq. Bu gün ən böyük problemimiz stadiondur. Turnir keçirmək üçün kiməsə ağız açırıq, xahiş edirik. Bəziləri dəstək olur, digərləri olmur. Ancaq köməklik edənlər də var. Məsələn, Qubada iki yaş qrupu üzrə böyük turnir keçirmişik. Sumqayıtdan, Xaçmazdan, Qusardan və digər bölgələrdən komandalar var idi. Həmin turnir çərçivəsində veteranların yarışı da baş tutdu. Bundan sonra Sumqayıt şəhərində uşaqlar arasında bir günlük turnir keçirildi. Xaçmazın Yeni Həyat kəndində böyük stadion var. Orada həvəskarlar arasında 24 komandanın iştirakı ilə bir ay müddətində böyük turnir təşkil etdik. Final matçına çoxlu azarkeş gəlmişdi. AFFA-nın dəstəyi ilə kubok və medallar verildi. Yarışın qalibi əvvəlki turnirdə birinci yeri tutan kollektivlə böyük oyunda qarşılaşdı. Stadionda beş minə yaxın tamaşaçı var idi. Matç üçün avtobuslar da təşkil edildi. Rayon rəsmiləri, veteran futbolçular, fəxri qonaqlarımız və şəhid ailələri bu tədbirdə iştirak etdilər.

- Stadion problemindən söz açdınız. Şimal bölgəsində futbolun hazırkı durumu bu qədərmi acınacaqlıdır? İnfrastruktur bu qədərmi problemdir? Daha nə kimi problemlər var?
– İnfrastruktur bölgələrdə bizim üçün sıfır səviyyəsindədir. Demirəm yoxdur. Olimpiya Kompleksləri var. Siyəzəndə Neftçi İdman Cəmiyyətinin stadionu mövcuddur. Nə isə varsa, onun regiona aidiyyatı yoxdur. Xahiş edəndə bəziləri dəstək olur. Digərləri də deyir ki, yer yoxdur, imkanımız yoxdur. Biz onlara deyə bilmirik ki, stadionu bizə mütləq verməlisiniz və yarış keçirməliyik. Bu gün bizim özümüzün heç nəyimiz yoxdur. AFFA ilə danışıqlar aparıram. Şimal Regional Futbol Federasiyası üçün öz stadionumuzu qurmaq istəyirəm.

- Stadion harada yerləşəcək? İşlərə başlanılıbmı?
- Bəli. Sumqayıtda Təhsil Şöbəsi ilə müqavilə bağlamışam. Sumqayıtda internatın sahəsi böyükdür. Onlarla müqavilə imzalamışıq. Orada 90-ın 50-yə böyük meydan salırıq. Demək olar ki, işlərin 50 faizi görülüb. Dörd paltardəyişmə otağı və hakimlər otağı qurulur. Uşaqlar üçün oturmağa kiçik yer də nəzərdə tutmuşuq.

- Həmin stadion qarşıdakı tədbirlərinizdə uşaqlar üçün nəzərdə tutulan layihədir?
- Bəli. Stadion 8 yaşından 13-14 yaşınadək uşaqların istifadəsinə veriləcək. Ancaq uşaq futbolu olacaq. Mənim fikrim ancaq uşaq futboludur. Ot örtüyü ilə bağlı məsələmiz qalıb. AFFA ilə danışıqlarımız davam edir. Məsləhət olsa, "Bayıl Arena"dan çıxan ot örtüyü veriləcək. "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə danışığımız olub. O da bizə dəstək verir. Ot örtüyünün nümunələrinə baxacağıq. Sentyabrda məktəb açılışında stadionun açılışını etmək istəyirik.

- Yəqin ki, mətbuatda, futbol ictimaiyyətində AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi "Sabahın Ulduzları" turnirini görmüsünüz. Sizin planınızda belə geniş layihəniz varmı? Artıq stadion da hazırlayırsınız...
- Mütləq planımızda var. Bizim problemimiz stadiondur. Tahir Süleymanov dostumuzdur. Böyük iş görürlər. Sumqayıtda da orada iştirakçı var. Biz də dəstək olacağıq. Stadion hazır olandan sonra biz də elə turnirlər keçirəcəyik. Belə yarışları mütəmadi təşkil edəcəyik. Hətta beynəlxalq turnir olacaq və digər ölkə təmsilçiləri də cəlb olunacaq. Bizim həvəskarlar səviyyəsində keçirdiyimiz matçlara 5 min azarkeş gəlir. Sumqayıtdakı stadionu yekunlaşdırdıqdan sonra bölgədə də belə planımız var. İş adamları, icra hakimiyyətləri ilə danışıqlar olacaq.