"Qarabağ"ı səfərdə ÇSKA ilə çox çətin oyun gözləyir. Bunu Bakıda keçirilən ilk qarşılaşmada da gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda ÇSKA ilə qarşılaşmasından gözləntilərini bölüşüb:
"Rəqib kifayət qədər keyfiyyətli komandadır, komanda oyununa üstünlük verir, həm müdafiədə, həm də hücumda balanslı çıxış edir. Eyni zamanda, futbolçular aqressiv və istəkli təsir bağışlayırlar. Görünür ki, ÇSKA qarşısına birmənalı şəkildə növbəti mərhələyə yüksəlmək məqsədi qoyub. İlk oyunda qalib gəlmək mümkün olmasa da, düşünürəm ki, "Qarabağ" səfərdə rəqibini üstələmək gücündədir. Ağdam təmsilçisində hazırda əsas problem yeni transferlərin komandaya tam uyğunlaşmamasıdır. Bu səbəbdən xətlərarası anlaşmada müəyyən çatışmazlıqlar müşahidə olunur. Bununla belə, "Qarabağ"ın klub olaraq keyfiyyəti, avrokuboklardakı zəngin təcrübəsi və oturuşmuş sistemi sonda təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansını artırır".
Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü iyulun 30-da Bolqarıstanda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.