Yay fasiləsində klubsuz qalan futbolçular arasında əsas yada düşən "Qəbələ"nin sabiq kapitanı Cavid Hüseynovdu. Millimizin sabiq üzvü 33 yaşında özünə yeni komanda tapa bilmədi. İndisə Cavid artıq yeni işin qulpundan yapışıb ki, bu da "Cəbrayıl" komandasını yaratmasıdı. Hüseynov Sport24.az-a müsahibəsində bu və digər mətləblərdən söz açdı. 

- Belə demək olar ki, karyeranı bitirirsən?

- Təklif olmadı. Yəqin ki, karyeramı sonlandırıram. 

- Heç bir real təklif olmadı, yoxsa elə maddi şərtlər irəli sürüldü ki, ondansa oynamamağı üstün tutdun?

- Pul söhbəti heç kimlə olmayıb, yenə ara qarışıq bu anda. Heç kimdən də təklif olmayıb. Niyəsini bilmirəm, onlar bilir. Nə deyim, xeyirlisi nədirsə, o da olsun. 

- Son illərdə kənarda qalan təcrübəli futbolçulara, millimizin sabiq üzvlərinə adətən "Səbail" sahib çıxır. Yəni, belə başa düşdüm ki, bu variant da olmayıb?

- Yox-yox. "Səbail" variantı da, ordan da heç bir təklif olmadı.

- Bu müdətdə fərqi məşqlərlə kifayətlənməli oldun...

- Bir az elədim, gördüm ki, sözün düzü, təklif yoxdu. İndi gedib futbol oynayıram - köhnələrlə "dır-dır". Amma bu, məşq deyil. Düzdür, kökəlmək söhbəti yoxdu. Məndə elə orqanizmdir ki, artıq çəki problemim yoxdu. Anca1 yenə bu, o məşq deyil.

- 33 yaşında klublara lazım olmamaqla bağlı hansı qənaətə gəlirsən - probleminin fiziki hazırlığında, xarakterində olduğunu düşünə bilərlər, yaxud başqa bir səbəb var?

- Onu mən də dəqiq bilmirəm ki, nədi, nə deyil. Məndə belə fikir formalaşır ki, bütün klublarla bir-birilə danışır, bax belə (gülür). Çıxıb oynadığım oyunlar bəlli idi. "Qəbələ"də şans qazananda "Sabah"a və digərlərinə qarşı elə oyun oynamışam ki, hamsının gözünün qabağında olub. Ən yüksək perfirmans sərgiləmişəm komandamın qələbə qazanması üçün. "Qəbələ"yə dönəndən sonra 7 tur oynamadım, komanda da qələbəsiz idi. Özümün təkidiylə "Sabah"a qarşı əsas heyətdə çıxdım. Dedim ki, artıq dözə bilmirəm ehtiyatda oturub gözləyim. Özüm öz dilimlə dedim ki, sabah oynamaq istəyirəm və 3 xalı da məndən istəyin. Çıxdıq "Sabah"a da necə qalib gəldik, yadınızda olar.

- Bəli, inamlı qələbə olmuşdu...

- O matçda necə oynamışdımsa, hamının gözü kəlləsinə çıxmışdı ki, bu, nətər oldu. Sadəcə, inam, dəstək olmalıdı. Dəstək də bilirsiniz, necə formada - dünənki 17 yaşında uşaq deyiləm ki, mənə belə dəstək olsunlar. Sadəcə, inam göstərmək lazım idi. Halbuki, məni tanıyırdınız ki, necə futbol oynamışam. Dünənki uşaq deyiləm ki, ay bu, belədi, ay bu, belə - xırda məsələlərdən yapışılası deyildi. Bu da oldu getdi.

- "Bütün klublar bir-biriylə danışırlar" deyərkən, bir-birlərinə mesaj göndərirlər ki, Cavidi götürməyək?

- Əsla, bunu nəzərdə tutmurdum. Bütün 8 klubun baş məşqçisiylə münasibətim var, hamsıyla bir yerdə oynamışam - ya millidə, ya da klubda komanda yoldaşı olmuşam.

- Maraqlı təsadüfdü..

- Sadəcə, sanki adamda belə bir fikir formalaşır ki, bir nəfər telefonu əlinə götürüb demədi - Cavid, necəsən, nə var, nə yox, nə fikirləşirsən, neyləyək misal üçün. Bu barədə mənə bir az toxunan odur ki, hər biriylə münasibətim yaxşı olub. Yeri gələndə jestlərim də olub elə komandalara ki, qardaş qardaşa o jesti eləməzdi. Mənsə eləmişəm, amma bugünkü gündə həmin insanlar mənə biri telefon açmağı belə.. Bilmirəm açmırlar, ya nədi - götürüb Cavidi yığmaq yadlarına düşmür. O da inşallah, yaxşı olar. 

- Artıq yeni bir yolun yolçususan - doğma, anadan olduğun Cəbrayılın adını daşıyan komanda yaradırsan. Xeyirli olsun...

- Çox sağ olun! Əlbəttə, Cəbrayıl ürəyimin bir parçasıdı. Bu, fikrimdə çoxdan var idi. İki yaxın dostum var. Düzdür, məndən yaşca çox böyükdürlər - hardasa 50-55 yaşları var. Amma aramızda dostluq münasibəti var, çətin günlərdə bir yerdə olmuşuq. Həmişə görüşüb söhbət edəndə məndən soruşurdular ki, Cavid, karyeranı qurtaranda nə iş görəcəksən? Mən də deyirdim ki, fikrim, arzum, niyyətim var Cəbrayılın futbol klubu çempionatda çıxış eləsin. Bunu həmişə istəmişəm. Çünki babam rayonda idman komitəsinin sədri olub, bütün idman növləri üzrə uşaqları o toplayıb, yarışlara aparıb. Atam güləşçi olub. Yəni, bizim alə idmançı ailəsidi, Cəbrayılda hamısı tanınıb. Həmişə o fikir beynimdə formalaşırdı ki, Cəbrayılın futbol klubu olmalıdı, bunun başqa yolu yoxdu. Çünki həm də bizim Qarabağ regionunda Ağdamdan sonra futbola ən böyük marağı olan məhz Cəbrayıl gəlir. O vaxt hətta SSRİ dövrümdə II liqada belə çıxış ediblər. Həmin iki dostumun "gəl, başlayaq" təkidindən sonra, gördüm ki klublardan da heç bir təklif yoxdu, artıq bunu başlamağın vaxtı olduğunu düşündüm. 

- Nədən başladın işlərə?

- Cəbrayılın icra başçısı Kamal Həsənovla görüşdüm. Sağ olsun, o da bizim ailəni tanıyır, öz dəstəyini verdi, mənimlə olduğunu bildirdi. Sonra da AFFA-nın icraçı-virse prezidenti və baş katibi Elxan Məmmədovla görüşdüm. Sağ olsun, o da məni dəstəklədi, əlimizdən gələn bir köməyi əsirgəməyəcəklərini mənə bildirdi. Təşkilati işlər yekunlaşmaq üzrədi inşallah, yalnız stadion məsələsi qalır. Hələ ki Bakıda çıxış edəcəyik. Yəqin ki, yaxın gələcəkdə Cəbrayılda stadion təhvil veriləcək. Sözün düzü, fikirlərimiz böyükdü. Gələcəkdə bu haqda danışarıq. 

- Stadion paytaxtda haranı nəzərdə tutmusunuz?

- 2-3 variant var. Sadəcə, bu, məndən asılı deyil. Stadion məsələsini əsas AFFA təklif edəcək ki, bunlar var, seçim özünüzündü. 

- Komandanın baş məşqçisi kim olacaq? Heyəti necə formalaşdıracaqsınız?

- Bunlar asan məsələlərdi. Əsas stadion bilinsin. Baş məşqçi, futbolu seçimləri olacaq. "İnstagram"da artıq bu haqda məlumat vermişəm. Yaxın 10-12 gündə nəzərdə tutulub ki, bunu edək. Əsas fikrimiz Region Liqası olsa da, 15-20 yaşlıları cəlb etməkdi, bunu istəyirik həyata keçirək. Hansılar ki, klublara gedirlər, bir az çatmır ora düşsünlər və kənarda qalırlar, futbolu atırlar. Həmin uşaqlara üstünlük verəcəyik ki, inkişafı üçün çalışaq. Bəlkə 1-2 ilə elə performans yığdılar ki, Azərbaycan futboluna daha çox xeyir verdilər. Bununla bağlı o qədər nümunə göstərmək olar. Amma komandamızda yaşlılar, təcrübəli futbolçular da olacaq 25-30 yaş arası. 

- Baş məşqçi seçimini də artıq özlüyündə etmiş olarsan...

- Bu, Region Liqasıdı, həvəskarların yarışmasıdı. 

- Hər halda, orda da baş məşqçi olmalıdı...

- Onun elanını verəcəyik. Bəlkə özüm oldum (gülür).

- Elə özün haqda soruşaq - klubun prezidenti gedəcəksən sənəddə?

- Bəli. Bu işi tək ərsəyə gətirmişəm. Amma klubun direktoru, mətbuat katibi - bunların hamısı nəzərdə tutulub. Sadəcə, tələsmirik, diqqətli şəkildə bunları yerbəyer eləmək istəyirik.

- Təbii ki, gələcəkdə peşəkar klub olaraq I Divizionda çıxış etmək planda olar...

- Əlbəttə, fikrimiz var. Daha doğrusu, fikrim Cəbrayılda Futbol Akademiyası açmaqdı. Bildiyiniz kimi, orda 5000 nəfərlik stadion var. İcra başçısıyla görüşəndə də bu haqda danışmışıq. Kamal müəllim mənə dedi ki, sən bu işləri apar, inşallah, stadion məsələsi tezliklə düzələcək. Həm sırf uşaqlar yetişdirmək istəyirəm, həm peşəkar komanda formalaşdırmaq. Yəni, böyük fikirlərdi beynimdə olanlar. 

- Hər bir işdə maddi dəstək vacibdi. Həmin dostların iş adamlarıdı və onlar bunu hələ ki görəcəklər?

- Çox yaxşı maddi imkanları olmasalar da, mənə dəstəklərini deyiblər. Mənəvi də dəstək olurlar, maddi də. Əlbəttə, gələcəkdə bizə sponsor lazım olacaq. Ancaq bu haqda hələ ki tələsmirik.

- Özünü bir təşkilatçı, klub funksioneri olaraq necə görürsən?

- Bu işlərdə çox həssasam. Klubda həm işçi, həm də futbolçu kimi olanların xarakterləri, mədəniyyətləri, insanlıqları nəzərə alınacaq. Başqa cür mümkün deyil. Özünüz bilirsiniz xasiyyətimi, elə şeylərə həddən artıq diqqət yetirənəm. Elə futbolçu ola bilər ki, perspektivi yaxşıdı, ancaq xasiyyətində, xarakterində dəhşətli dərəcədə uçurum var. Elə futbolçuları komandamda görmək istəmərəm heç vaxt. Çünki bu yolu bir futbolçu olaraq keçmişəm və görmüşəm ki, o cür oyunçular hansı maneələr yaradır klubun formalaşmasında. Komandada əsas münasibət, yanaşma düzgün olmalıdı. Əsas bu problemi bizdə var və inşallah, ilk növbədə bunu düzəltməyə çalışacağıq. 

 

 

  MEHMAN SÜLEYMANOV