"Araz-Naxçıvan" futbol klubunun baş məşqçisi Cavid Hüseynov komandanın yeni mövsümə hazırlığı və qarşıya qoyulan hədəflər barədə danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Cavid Hüseynov yeni mövsümə hazırlığın ilk mərhələsinin başa çatdığını xatırladıb:
"Hədəfimiz yaxşı komanda formalaşdırmaq və mümkün qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Əvvəlcədən də bildirmişdik ki, hazırlıq prosesi 3 mərhələdən ibarət olacaq. Bu mərhələdə daha çox fiziki hazırlığa yer ayırdıq".
Baş məşqçi ilk yoxlama oyununun da planın tərkib hissəsi olduğunu bildirib:
"Təbii ki, bir yoxlama oyunu keçirməyi də planlaşdırmışdıq. Əvəzedici komanda ilə oyun planın tərkib hissəsi idi. İstədik ki, futbolçular məşq prosesində çalışdığımız bəzi taktiki tapşırıqları oyunda bizə qaytarsınlar. Onların verilən tapşırıqları necə qəbul etdiklərini praktiki yoxladıq. Əlbəttə, belə oyunlarda hesab önəmli olmur. Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi".
Cavid Hüseynov futbolçuların hazırlıq səviyyəsi ilə bağlı da fikirlərini bölüşüb:
"Təbii ki, hazırlıq yeni başlayıb və indiki məqamda onların hazırlıq səviyyəsindən tam razı qala bilmərik. Hazırkı mərhələdə dediklərimizi olduğu kimi yerinə yetirəcəklərini gözləmirdik. Həftəlik hazırlıq dövründə məşqlərdə üzərində çalışdığımız taktiki tapşırıqlar var idi ki, onları praktikada yoxlamağa çalışdıq. Oyunu təhlil edib, səhvləri göstərəcəyik ki, növbəti görüşlərdə bunu təkrarlamasınlar".
Mütəxəssis transfer çalışmalarının son mərhələdə olduğunu vurğulayıb:
"Bəzi mövqelər var ki, gücləndirmək istərdik. Yaxın günlərdə heyət tam komplektləşəcək".
Baş məşqçi "İmişli" ilə keçirəcəkləri növbəti yoxlama oyununa da toxunub. O, bu komanda ilə Premyer Liqanın 2026/2027 mövsümünün ilk turunda qarşılaşacaqlarını xatırladıb:
"Elə də sıxıntılı məqam yoxdur. Püşkdən sonra rəqiblə yenidən danışdıq və onlar da oyunun keçirilməsində hansısa problem görmədiklərini dedilər. Bu görüşdə də çalışacağıq futbolçuları iki 45 dəqiqədə yoxlayaq. Taktiki planda müəyyən tapşırıqlar olacaq. Yenə deyirəm, belə oyunlarda nəticə yox, meydanda görəcəyimiz iş vacibdir".