"Növbəti mövsümün başlamasına çox vaxt qalmayıb. Təəssüf ki, klubun gələcəyi ilə bağlı hələ də heç bir yenilik yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Təcrübəli mütəxəssis klubun gələcəyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirib:

"Bu məsələ məndən daha çox klub rəhbərliyini düşündürməlidir. Gələcəkdə mən bu komandada qala da bilərəm, ayrılıb gedə də. Amma "Zaqatala" həmişə olub və bundan sonra da olmalıdır. Birinci Liqadakı əksər komandalar artıq transferlər edir, yeni mövsüm üçün hazırlıq planlarını qururlar. Mən isə müəyyən şərtlərlə klubda işləyə də bilərəm, işləməyə də. Əsas məsələ "Zaqatala"nın gələcəyidir. Hazırda bununla bağlı ciddi çətinliklər var.

Ötən mövsüm bu problemləri yaşamışıq. Çoxlu neqativ hallarla üzləşdik. Hesab edirəm ki, həmin vəziyyəti bir daha nə mən, nə də klubda çalışan digər insanlar yaşamaq istəməz".