"Həm oyuna köklənmişdik ciddi şəkildə, həm də çempionata. Bu, ayrı məsələdi. Amma burda rəqibin də rolu böyük oldu. Belə deyim ki, çox da o səviyyədə deyildilər. Buna görə hesab bu dərəcəyə gəlib çıxdı". Bu fikirləri Sport24.az-a açıqlamaısnda "Cəbrayıl"ın baş məşqçisi və prezidenti Cavid Hüseyovdu söyləyib.

Məlumdu ki, Region Liqasında ilk dəfə çıxış edən bu komanda startda hamını təəccübləndirdi. Belə ki, işğaldan azad olunan Cəbrayılın eyniadlı təmsilçisi futbolda çox nadir hallarda qeydə alınan 21:0 hesabıyla qalib gəldi. Rəqib də debütant - paytaxtı təmsil edən "Davam" idi. Region Liqasında futbolçu kimi də iştirak etməyi düşünən 33 yaşlı keçmiş yarımmüdafiəçi hələ ki gözləmə mövqeyini üstün tutur: "Özüm ilk turda oynamadım, çünki hələ sifariş olunmamışam. Tələsmirəm bu barədə. Oynamadığım üçün 21 qol vuran futbolçular sırasında olmadım (gülür). Hücumçularımızdan Nurxanla Tapdıqla hərəyə 5-6 qol vurdular. Müdafiəçilərimizdən də hücuma qoşulanlar rəqib qapısına yol tapdılar. Sözün düzü, çox da diqqət eləmədim kim neçə qola imza atdı. Amma əksər qollarımızı hücumçularımız vurdular".

Adətən ilk hissədə hesab böyük olanda fasilədən sonra oyunun tempi aşağı düşür, qollar daha az vurulur. Yəni, hesabda irəlidə olan komandanın baş məşqçisi yetirmələrinə "qol yağışı"nı davam etdirməyi məqsədəuyğun saymır. Bəs, maraqlıdı, Hüseynov ilk hissəni 13:0 irəlidə bitirən futbolçularına fasilədə nəyi tapşırıb? :"Nə qədər çaılşsam da, mümkün olmadı. Hətta özüm də göstəriş verirdim ki, arxadan başlayın, topu arxaya çəkin, orda ötürmələri çox edin. Bu, hətta qapıçımıza kimi gedib çıxırdı. Amma 90 ərzində nə qədər arxada oynayasan? Azarkeşlərimiz də oyuna baxmağa gəlmişdi, bir az maraqsız olacaqdı. O baxımdan nə qədər çalışsaq da, bax, belə oldu. Rəqib komandanın matçda nümayəndəsi var idi. Amma baş məşqçi idi, ya yox, bunu yalan deyərəm. Orda baş məşqçi görmədim, məncə, yox idi".

 

 

MEHMAN SÜLEYMANOV