Sabah UEFA Millətlər Liqasının 6-ci turu çərçivəsində Qazaxıstan yığmasını qəbul edəcək  Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis “Dalğa Arena”da baş tutan tədbirə birbaşa sualları cavablandırmaqla başlayıb. 

- Ötən oyundan sonra zaman lazım olduğunu bildirmişdiniz. Zaman nəyə lazımdı, Slovakiyadan da elitar rəqibləri məğlub etmək üçün, yoxsa final mərhələsinə yüksəlməyə?
- Evi tikəndə bünövrəyə ehtiyac var. Millətlər Liqasına gəlincə, ilk görüşdə Slovakiyaya uduzanda, müdafiəçilərimiz diqqətli olsaydı, hakim penaltimizi versəydi, fərqli nəticə olardı. Qazaxıstanla 15 zərbə vurduq, rəqib 6-nı, amma məğlub olduq. Bəli, onlar yaxşı komandadı, bunu etiraf edirəm. Belarusla bərabərə qaldığımız matçda da qalib gələ bilərdik. Qrup qalibi ola bilərdik, amma sabah qalib gəlsək 2-ci olacağıq, 10 xal toplayacağıq, ardıcıl 3-cü qələbəni qazanacağıq.

- Slovakiyaya qarşı matçın 2-ci hissəsində komandanız topu saxlaya bilmirdi. Düşünmürsünüz ki, Qara və Rəhim olsaydı, fərqli vəziyyət olardı?
- Hazırda kimlərin olmasına nəzər salmalıyıq. Adını çəkdiyiniz futbolçularla xeyli sayda oyun uduzmuşuq. Millidə özünü düzgün aparmalısan.

- Elvin Camalov millidə zəif oynayır. Onu hansı göstəricilərinə görə dəvət edirsiniz?
- Camalov döyüşkən oyunçudu. İstəklidi və bizə lazımlı futbolçudu. Ondan razıyam.

- Milliyə 30 min mükafat veriləcəyi barədə söhbətlər gəzir. Bu, Slovakiya üzərində qələbəyə gorədirsə, məbləğ futbolçulara müsbət, yoxsa mənfi təsir göstərəcək?
- (Suala Firuz Abdulla cavab verir). 

- Müqaviləniz bitmək üzrədir. Özünüz davam etmək istərdiz?
- Sentyabrın 30-da bitir anlaşma. Oktyabrın 1-də cavab verməyə hazıram.

- Qara Qarayev məsələsinə aydınlıq gətirərdiniz...
- Komanda daxilində yaşananları çölə çıxarmağı sevmirəm. Özü məndən soruşsa, deyərəm. Ancaq soruşmur, çünki məndən də yaxşı bilir cavabı. Burda bunu danışmaq düzgün olmaz. Bunu ancaq bekar adamlar danışır ki, intriqa yaratsın.

- Bu, sizin şəxsi komandanız deyil, milli komandadı, aydınlıq gətirməlisiniz.
- Kimdi baş məşqçi? Olar idarəetmə məsələsini mən həll edim? Sizdən də öncə jurnalist olmuşam.

- Milli tariximizdə ardıcıl 3 qələbəmiz olmayıb. Bu, sizə nə dərəcədə stimul verir?
- Çox çətin olacaq. Heç kimin ağlına gəlməzdi ki, Qazaxıstan qalib olacaq. Ancaq onlar liderliyə layiqdi. Sabah qalib gəlmək üçün hər şey edəcəyik.