Misli Premyer Liqasının XXX turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Məğlub olduq, üzücüdür. Baxmayaraq ki, hər iki hissədə yaxşı oynadıq. Qələbəni çox istəyirdik, alınmadı.
– Elə bil ki, ardıcıl xallar qazanılandan sonra sanki motivasiya problemi var, rahatlaşıblar…
– Ola bilər. Futbolçular da dərk etməlidir ki, mövsüm bitməyib. Uşaqlar sonlara yaxın həm də düşünməlidir ki, bu, öz müqavilələrinə də təsir edir. Yəni, hər pillədə olan komandanın oyunçusunun buna uyğun qiyməti var. Ardıcıl qollar gözlənilməz oldu. Bu gün hər iki hissəni çox yaxşı oynadıq. Məğlub olmamaq üçün sona qədər mübarizə apardıq.
– Rövlan Muradov nə üçün ehtiyatda qalır?
– Mən gələnə kimi 18 oyun əsas heyətdə olub və 11 oyunda komanda qələbə qazana bilməyib. Baxıram, kim daha yaxşı görünürsə, ona şans verirəm
Rövlanla danışmışam, yaxşı futbolçudur, sadəcə necə əvvəki matçlarda Sərtan və digərləri şans gözləyirdisə, indi o görünməlidir.
– Fanatlar əvvəlcə dəstək oldu, sonra sərt reaksiyalar verdi…
– Azarkeşlər üzürlü saysın. Bugünkü oyuna görə məğlub olmamalıydıq. Fanatların həmişə yanında olmuşam. Bu gün matç bitəndən sonra emosional olduğum üçün dərhal paltardəyişmə otağına getdim…
– Komandada oyunçular bir-biriləri ilə mübahisə edir. Bu, nə ilə bağlıdır?
– Mübahisə yoxdur. Futbolda belə hallar olur. Kənardan baxanda həqiqətləri görmək lazımdır. Uşaqlar bir-birinə oyun epizodları ilə bağlı iradlar bildirir. Bu, normaldır.